Ağ Ev hesab edir ki, nə qədər çox müsəlman ölkəsi İsraillə müxtəlif sahələrdə əməkdaşlığı gücləndirən sazişə imza atarsa, bu Yaxın Şərqdə sabitliyə xidmət edəcək. Bu saziş çərçivəsində İsraillə diplomatik münasibətlər quran müsəlman ölkələrinin sayı artmalıdır".
Politoloq Elxan Şahinoğlu açıqlamasında məsələyə münasibət bildirərkən deyib ki, Azərbaycanın bu şərtlərin yerinə yetirilməsinə ehtiyac yoxdur: "Brincisi, Azərbaycanın İsraillə diplomatik münasibətləri mövcuddur. İkincisi, Azərbaycan bəlkə müsəlman ölkələrinin çoxundan İsraillə müxtəlif sahələrdə dərin əlaqələrə malikdir. Belə olan halda Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulmasına ehtiyacı varmı? Azərbaycanın razılaşmaya qoşulmasını çətinləşdirən bir neçə amil var. Belə ki, Azərbaycanın strateji müttəfiqi Türkiyə bölgədəki mövcud şərtlər daxilində “İbrahim razılaşmaları”na qoşulmayacaq. İkincisi, Qəzzada insan fəlakəti davam edərkən və İsrailin Fələstinin müstəqilliyini tanımaqdan imtinası durumunda Azərbaycanın razılaşmaya qoşulması problematikdir. İsrailin Mərkəzi Asiyanın digər türk dövlətləri, o cümlədən Qazaxıstanla da sıx əlaqələri var. Astana da “İbrahim razılaşmaları” məsələsində gözləmə mövqeyindədir. Halbuki, Vaşinqton Bakı ilə yanaşı Astana ilə də bu mövzuda intensiv danışıqlar aparır. Yalnız “Amerika istəyir” deyə Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulmasının itkisi qazancından çoxdur. Maraqlı tərəf olan Tel-Əvivin Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulmasıyla bağlı xüsusi istəyi yoxdur. Tel-Əviv “İbarhim razılaşamaları”na ilk növbədə ərəb ölkələrinin qoşulmasını istəyir. Belə olan halda Azərbaycan-İsrail tərəfdaşlığının ikitərəfli əsasda davamında fayda var və bu həm Bakı, həm də Tel-Əviv üçün yetərlidir".
Tahirə AĞAMİRZƏ