Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Millət vəkili bildirib ki, Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında keçirilən açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi də layihənin önəmini təsdiqləyir: “Dövlət başçıları tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq hər iki ölkə arasında əlaqələr bütün sahələr üzrə daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan-Türkiyə əlaqələrinin uğurlu inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir”.
Deputat qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın öhdəliyidir: “Lakin Ermənistanın məqsədi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın bərpasına mümkün qədər əngəl olmaqdır. Lakin rəsmi İrəvan bu layihənin gerçəkləşməsinin qarşısını almaq iqtidarında deyil. Nəzərə almaq lazımdır ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndində bu məsələ öz əksini tapır. Buradan göründüyü kimi, indiki Ermənistanın ərazisində yerləşən Zəngəzurdan hərəkət maneəsiz olmalıdır”.
Millət vəkilinin sözlərinə görə, regionda kommunikasiyaların bərpası təkcə Azərbaycan üçün deyil, bütün ətraf ölkələr üçün böyük önəm kəsb edir: “İlk növbədə, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxçıvanın 30 ildən çox davam edən blokadasına son qoyulacaq. Eyni zamanda, dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək. Ermənistan bu məsələni uzatmamalıdır. Nəzərə almaq lazımdır ki, Zəngəzur sovetlər qurulan zaman Ermənistana qanunsuz olaraq verilib. Bu torpaqlar tarixən azərbaycanlılara məxsusdur. Bu gün həmin soydaşlarımızın Qərbi Zəngəzura qayıtmaları onların fundamental hüquqlarından biridir”.
Günel QULİYEVA