26.09.2025, 02:24
AZ EN
18.09.2025, 09:00

Ən böyük Üzeyir

Şərif AĞAYAR

Dahi sənətkarın 140 illiyinə

  • Qalın-qalın kitablar dahilik məfhumunu bizə bu cür ifadə edir: “İnsanın yaradıcı qüvvələrinin təzahürünün ən yüksək mərhələsi. Keyfiyyətcə yeni, unikal sənət əsərlərinin ərsəyə gətirilməsi, əvvəllər məlum olmayan yaradıcılıq yollarının icadı..."

Lakin mən dahiliyi daha çox dövr yarada bilmək bacarığı ilə ölçürəm. Yəni, bu elə bir məqamdır ki, təkcə özünlə bağlı deyil, həm də gələcəyin sənə münasibəti ilə bağlıdır. Dahilik bu gün və sabahla səsləşməkdir; bu günün də, sabahın da səninlə hesablaşmasıdır.

Sən o vaxt dahiyə çevrilirsən ki, bəşəriyyət sənin yaratdığını epoxada yaşayır.

Və əgər məndən Azərbaycan coğrafiyasında insanlığın bu ali məqamına bir misal istəsələr, ağlıma gələn ilk adamlardan biri Üzeyir Hacıbəyli olacaqdır...

Çünki biz mədəni-sosial sferada Üzeyir bəy dövrünün adamlarıyıq. Nə zaman saatlarımızı onun zamanına qurmuşuq, o zaman əsrlərin o üzünə adlamışıq. Şəxsən mən nəinki respublika düşüncəmizin inkişafında və modern mədəniyyətimizin təşəkkülündə, hətta Şuşanın işğaldan azad edilməsində və “Qarabağ” komandasının ağlasığmaz qələbəsində Üzeyir bəyin izini görürəm.

Üzeyir bəylər hər bir xalqda olmalı və onun taleyini mütləq dəyişdirməlidir. Üzeyir bəyi olmayan xalqlar heç vaxt öz qurtuluş yolunu tapıb xoşbəxt ola bilmir. Dünya xəritəsinin şərq istiqamətinə gözucu baxsanız, söylədiyim fikrin nə qədər doğru olduğunu görərsiniz.

Onun istər maarifçi-pedaqoq kimi fəaliyyəti, istər ictimai-siyasi fiqur kimi verdiyi töhfələr, istər musiqi mədəniyyətimizin modern prinsiplər üzərində təşkili işi, istərsə də bəstəkar və yazıçı-jurnalist kimi yaratdıqları ayrıca elmi araşdırmanın mövzusudur. İnsanlığı, ziyalılığı isə sadəcə bir örnəkdir. Bu cür şəxsiyyətlər taleyimizə hopmuş, onu müəyyənləşdirmiş insanlardır.

Üzeyir bəy bütün mütərəqqi işlərimizin içində işıq kimi bərq vurmaqdadır. Çünki o hər şeydən əvvəl düşüncə hadisəsidir. Azərbaycan insanının yeni dövrlə, gələcək dövrlərlə dil tapmaq məqamıdır.

Hamı deyirdi, mən özüm də yazırdım: belə bir şəxsiyyətin yurdu yağı tapdağında qala bilməz. İlk baxışda kiməsə pafoslu görünə bilər, lakin doğrudan da belədir.

Hətta mətləb daha əhatəlidir: belə şəxsiyyətin yurdu azad və bütöv olmaya bilməz!

Bəzən cəmiyyətdə rastlaşdığımız bəzi obyektiv-subyektiv problemlər bizi pessimizmə yuvarlayır. Həmin an beynimizdə Üzeyir bəy günəşi parıldayır. Onun xalqını, onun məmləkətini özünə bu gün və gələcək düzəldə bilməyən coğrafiyalarla müqayisə etmək olmaz.

Çünki geriyə yol yoxdur və qüdrətdən ucalanlar zülmlə enməzlər.

Hərdən ağlıma gəlir, Üzeyir bəy çoxlarının arzuladığı kimi sovet repressiyasından sağ çıxmasaydı, biz cümhuriyyət ənənələrini itirəcəkdik. O öz varlığı ilə sonuncu ipi tanrıdan üzülməyə qoymadı.

Hamı bilir, ömrünün sonuna qədər müstəqillik amalları ilə yaşadı. Onun hər bir notundan, hər bir sözündən, hər bir nəfəsindən boy göstərən azərbaycançılıq elə müstəqilliyin özü idi. Kül altda bəslənən köz kimi yaşayırdı və gur bir alova çevrilmək məqamını gözləyirdi.

Onun dühası qarşısında bolşevik despotizmi də aciz qalmışdı.

Təsəvvür edin, hələ 60-cı illər istiləşməsindən sonra da iş yerləri üçün anketlərdə “xaricdə qohumu yoxdur” qrafası çox ciddi əhəmiyyət daşıyırdı. Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəyli kapitalizmin mərkəzində, burjuaziyanın baş kəndi Parisdə yaşayır, üstəlik, bir ziyalı kimi aktiv fəaliyyət göstərirdi. Özü isə hər şey bir yana Azərbaycan Xalq Cümhuriyyətinin himnini yazmışdı. Üstəlik, Bakıdakı düşmənlər və milli manqurtlar ondan saysız-hesabsız donoslar yazırdılar. Sovet rəhbərliyi isə onu həmişə anlayırdı. Çünki yaxşı tanıyırdı və çəkisini bilirdi. Bu nəhəngliyin aynasında Stalin kimi cəlladın da müsbət keyfiyyətləri görünürdü.

Böyük bir kişi öz xalqının müstəqilliyini təkcə arzulamaz, həm də onun üçün mücadilə verər. Üzeyir bəy bu mücadilənin ilk baxışdan repressiyaya əsas verməyən, yalnız zamanların ötəsinə – öz vaxtına-öz vədəsinə hesablanan variantını seçmişdi.

Lakin bəlkə də böyük insanlar seçimi özləri eləmirlər.

İllərin bu üzündən baxanda Üzeyir bəylə bağlı bütün detallar adama möcüzə kimi görünür: o istedad, o musiqilər, o insansevırlik, o vətənpərpərlik...

Altmış ildə altmış insan ömrü yaşamaq buna deyərlər: o, zamana necə sığışa bilmişdi?

Dahilik həm də budur – az vaxtda çox yaşayıb-yaratmaq!

Azərbaycanı ürəkdən sevən bütün böyük şəxsiyyətlər kimi ömrü məşəqqətlərlə dolub-daşsa da, sənətkar kimi xoşbəxt idi. Sovet dövründə də, müstəqillik illərində də yaradıcılığı və fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirildi. Bütün fəxri adları aldı, yüksək vəzifələrdə işlədi, ən başlıcası tanrı ona yazıb-yaratmaq fürsəti verdi və öz missiyasını uğurla başa çatdırdı.

Geniş kütlə də zamanında anlayıb sevdi onu. Bir çox dahilər kimi anlaşılmaq dərdi çəkmədi. Çünki xalqın ruhundan qopmuşdu və özünü sadə dillə ifadə etmək müdrikliyinə yiyələnmişdi.

Ömrü də xalqın arasında keçdi. Bəy nəslindən olsa da, yüksək titullar və şöhrət qazansa da, sadə insan kimi yaşadı.

Təsadüfi deyil ki, onun dəfni sözün həqiqi mənasında ümumrespublika matəminə çevrildi.

Azərbaycan xalqı kimi itirdiyinin fərqinə varırdı.

Xalq arasında qoyulan Üzeyir adları da bu sevginin bariz nümunəsidir. Hətta bir çoxumuz bu adın məşhur dini mətnlərdən çox, elə möhtərəm Hacıbəyliylidən gəldiyini düşünürük.

Biz dünyada Hacıbəylidən böyük Üzeyir tanımırıq.

Adı da peyğəmbər adı idi.

Peyğəmbər yaşında da dünyadan köçdü.

Qəribədir ki, səmavi kitablarda zikr olunan “Üzeyir” adının hərfi mənası da “kömək edən”, “dayaq duran” deməkdir.

Onun əməllərində doğrudan da bir peyğəmbərlik vardı. Xüsusən ayrı-ayrı insanlara münasibətdə... Ayağından ayaqqabısını çıxarıb tələbəsinə verən adamı başqa kiminlə müqayisə etmək olar?

Bu sadə bir humanistlik deyildi, öz xalqı qarşısında boynuna götürdüyü böyük bir missiyanın xırda bir ştrixi idi.

Üzeyir bəy həm də ona görə xoşbəxt sənətkar və insandır ki, onun mövludunun mübarək 140-cı ili dirçəlib-abadlaşmaqda olan doğma Şuşada qeyd edilir. Şəhərin hər yanında bizi təkcə Üzeyir bəyin abidələri və fotoları deyil, həm də yaddaşımızdan heç vaxt silinməyəcək işıqlı xatirəsi qarşılayır.

Ruhu şad olsun.