07.08.2025, 14:11
AZ EN
07.08.2025, 10:56 229

BMT rəsmiləri Avaza konfransının yekunlarını şərh ediblər

XƏBƏRLƏR
  • BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransının yekunlarını şərh edən təşkilatın Baş katibi Antonio Quterreş Avazada jurnalistlərə müsahibəsində qeyd edib ki, bu dövlətlərin ağıllı logistikaya, sadələşdirilmiş sistemlərə və tranzit ölkələrlə daha güclü tərəfdaşlığa ehtiyacı var. O əlavə edib: “Gecikmələri və xərcləri azaltmaq üçün sərhəd əməliyyatlarını rəqəmsallaşdırmaq və nəqliyyat şəbəkələrini modernləşdirmək lazımdır”.

BMT-nin məlumatına istinadla xəbər verir ki, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr dünya əhalisinin yeddi faizindən çoxuna malikdir, lakin 2024-cü ildə qlobal ticarətin cəmi 1,2 faizi bu dövlətlərin payına düşüb. Bu, fiziki maneələrin iqtisadi maneələrə çevrilə biləcəyini xatırladır.

Baş katib qeyd edib ki, ötən il BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 2024-2034-cü illər üçün Avaza Fəaliyyət Proqramı bu reallığı dəyişdirmək məqsədi daşıyır. Lakin ambisiyaların nəticəyə çevrilməsi sərhədlər və sektorlar arasında cəsarətli, əlaqələndirilmiş səylər tələb edəcək.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) Baş katibi Umberto de Pretto müsahibəsində deyib: “Düzgün siyasət tətbiq etsəniz, ticarət həcmini artıra bilərsiniz. Məncə, dənizə çıxışı olmayan ölkələr üçün ən böyük maneə zehniyyətdir”.

Onun sözlərinə görə, 1947-ci ildə əsası qoyulan IRU bütün dünyada dayanıqlı mobillik və logistikanı dəstəkləyir, həmçinin 100-dən çox ölkədə 3,5 milyondan artıq nəqliyyat operatorunu təmsil edir. Pretto diqqətə çatdırıb ki, dənizə çıxışı olmayan 32 inkişaf etməkdə olan ölkədən yalnız 11-i BMT tərəfindən dəstəklənən TIR sisteminə qoşulub və bu, qarşılıqlı tanınmış gömrük proseduru altında malların möhürlənmiş bölmələrdə təyinat yerinə daşınmasına imkan verir.

Ümumdünya Gömrük Təşkilatının Baş Katibi İan Saunders isə vəziyyəti belə şərh edib: “Kağızdan rəqəmsal məlumatın dövlət orqanlarına ötürülməsinə keçmək lazımdır. Bizim “vahid pəncərə” kimi sistemlərə ehtiyacımız var. Burada sizin elektron məlumat üçün vahid qəbul nöqtəniz var. Bu, hökumətlərə həmin məlumatları operativ təhlil etmək və qərar vermək imkanı yaradır”. O, Şərqi və Qərbi Afrikada yüklərin izlənməsi və Mərkəzi Asiyada özəl şirkətlər tərəfindən bəzən “mal pasportu” adlandırılan elektron TIR karnetlərindən istifadə kimi uğurlu təşəbbüslərin nümunələrini bölüşüb. Bu unikal sənədlər malların tranziti zamanı rüsum və vergilərin asanlıqla ödənilməsinə zəmanət verir.

BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Maryasin isə müsahibəsində hələ 2023-cü ildə Trans-Xəzər Dəhlizinin rəqəmsallaşdırılması üzrə yol xəritəsinin qəbulunu qeyd edib. Onun sözlərinə görə, BMT alətlərindən və uyğunlaşdırılmış qaydalardan istifadə edərək dəhlizdə Asiya və Avropa arasında malların daşınması üçün həm quru, həm də dəniz nəqliyyatından, o cümlədən dəmir yolu və Xəzər dənizi üzərindən gəmiçilikdən istifadə edilir. (AZƏRTAC)

Oxşar xəbərlər