Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Xəbər kanalının diqqət çəkdiyi əsas məqam stansiyanın seysmik fəallıq zonasına düşməsidir. “1976-cı ildə inşa olunan AES İrəvandan cəmi 35 kilometr, Türkiyə sərhədindən isə 16 kilometr məsafədə yerləşir. 1988-ci il zəlzələsindən sonra Ermənistan hakimiyyəti stansiyanın fəaliyyətini altı il müddətinə dayandırmışdı, lakin 1995-ci ildə onu yenidən işə saldı”, – deyə telekanal xatırladır.
Reportajda Qərb ekspertlərinin, xüsusilə də Peter Marko Teysin fikirləri təqdim olunur. O, köhnəlmiş AES-i “təhlükəsizlik baxımından ciddi təhdid mənbəyi” adlandırır: “Əgər bu stansiyada hər hansı qəza baş verərsə, Çernobıl ssenarisi təkrarlana bilər. Onun nəticələri, o cümlədən çirklənmə və digər fəsadlar Avropada onilliklər boyu hiss olunacaq”.
O, beynəlxalq ictimaiyyəti, xüsusilə də Avropa İttifaqı və ABŞ-ı “situasiyaya dərhal müdaxilə etməyə və bununla da qlobal təhlükənin qarşısını almağa” çağırıb.
Xəbər telekanalı Böyük Britaniyanın “Daily Mail” nəşrinə istinadla bildirir ki, Metsamor AES-in fəaliyyəti ilə bağlı narahatlıqlar hələ 1995-ci ildə Ermənistanın özündə də səsləndirilmişdi.
Həmin dövrdə Ermənistan parlamentinin ətraf mühit üzrə komitəsinin müşaviri Viktoriya Ter-Nikoqosyan Metsamor Atom Elektrik Stansiyasında baş verəcək istənilən qəzanı “Ermənistanın sonu” adlandırmışdı.
Telekanal qeyd edir ki, beynəlxalq ictimaiyyət Metsamor AES-dən qaynaqlanan təhlükə barədə Ermənistanı illərdir xəbərdar edir.
Reportajda Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndəsi Morris Rousenin Metsamor AES-i “açıq-aşkar qeyri-kafi” adlandırdığı qeyd olunur. (AZƏRTAC)