27.06.2025, 02:48
AZ EN
16.07.2024, 08:04 349

Türkiyənin təhsil naziri: Biz Fransanın müstəmləkəsi deyilik

XƏBƏRLƏR
  • Türkiyənin milli təhsil naziri Yusuf Tekin Fransa hakimiyyətindən Türkiyədəki iki fransız məktəbinin fəaliyyətini ölkə qanunvericiliyinin tələblərinə uyğunlaşdırmağı tələb edib.

Ərzurumda çıxış edən türkiyəli nazir xatırladıb ki, hələ 1923-cü ildə Lozannada aparılan danışıqlarda Ankaranın üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Türkiyə ərazisində milli azlıqların nümayəndələri arasından Türkiyə vətəndaşlarının uşaqları üçün xarici təhsil müəssisələri fəaliyyət göstərir.

“Bu öhdəliyin altında Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün imzası var. Bu gün ölkəmizdə 12 analoji məktəb fəaliyyət göstərir: alman, fransız, italyan. Türkiyə Təhsil Nazirliyi onlara heç bir maneə törətmir. Əksinə, biz dəstək olmaq və ehtiyacları ödəmək üçün yaxın təmasdayıq”, – deyə Tekin bildirib.

Təhsil nazirinin sözlərinə görə fransız tərəfi həm də razılaşmaların çərçivəsindən kənara çıxaraq, Türkiyədə daha iki məktəb açıb.

“Müstəmləkə ölkəsi ruhunda hərəkət edən Fransa, yalnız Fransa vətəndaşlarının uşaqlarına təhsil verəcəyini iddia edərək əlavə məktəblər açdı. Halbuki bu gün orada təhsil alanların 90 faizi Türkiyə vətəndaşıdır. Üstəlik, bu təhsil ocaqlarında Türkiyə Təhsil Nazirliyinin sisteminə məhəl qoyulmur. Yəni dövlət faktiki olaraq bu uşaqları məktəbli kimi nəzərə almır”, - deyə təhsil naziri bildirib.

Türkiyə naziri məlumat verib ki, Ankarada Fransa səfirliyinin nümayəndələri ilə söhbətdə məsələni şəxsən qaldırıb.

“Mən fransız tərəfinə açıq-aydın bildirdim ki, Türkiyəyə qarşı bu cür yanaşma yanlışdır. Diplomatik missiyada bildirirlər ki, məsələni həll edəcəklər, lakin faktiki olaraq prosesi uzadırlar. Eyni zamanda məktəblərin özündə Təhsil Nazirliyindən yoxlamaların aparılmasına icazə vermirlər”, - deyə nazir bəhs edib.

Nazirin sözlərinə görə, nəticədə Türkiyədə qeyd olunan fransız məktəblərini bitirənlərin hamısı lisey diplomunun nostrifikasiyası xahişi ilə dövlət qurumlarının qapılarını döyməyə başlayırlar.

“Bu yeniyetmələr faktiki olaraq əcnəbi vətəndaşların kvotası üzrə Türkiyə ali məktəblərinə qəbul olunaraq üstünlüklərə malikdir. Yəni bu, digər Türkiyə vətəndaşlarına münasibətdə açıq-aşkar ədalətsizlikdir”, - deyə o bildirib.

Yusuf Tekin vurğulayıb ki, Türkiyə Fransanın müstəmləkəsi deyil. “Biz müstəmləkə edilmiş ölkə deyilik, müstəqil dövlətik. Əgər Türkiyədə məktəblərin olmasını istəyirsinizsə, ölkəmizin qaydalarına uyğun hərəkət etməlisiniz”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Ankaranın da eyni əsasda Fransada etnik türklərin uşaqları üçün məktəblər açmaq hüququ olmalıdır. “Fransada Türkiyə məktəblərinin və dil kurslarının açılması ilə bağlı müraciətlərə məhəl qoymayan Paris Türkiyədə istədiyi kimi hərəkət edə bilməz”, - deyə o vurğulayıb.

Nazir eyni zamanda qeyd edib ki, Fransa tərəfi gizli şəkildə Türkiyə mətbuatında Təhsil Nazirliyinə qarşı tənqidi yazıların dərc olunmasına təşəbbüs göstərir. “Bu məqalələrdə yazılanların hamısı yalandır. Ya Fransa tərəfi bizim şərtlərimizlə razılaşacaq, ya da biz bu məktəblərlə bağlı qanuni yolu tutacağıq”, - deyə nazir xəbərdarlıq edib. (AZƏRTAC)

Oxşar xəbərlər