Paşinyan Putinin dostudurmu?
«Hraparak» qəzeti 11 may tarixli sayında «Paşinyanın son Moskva səfərində diqqət çəkən məqamlar» sərlövhəli təhlili yazı dərc edib. Qeyd olunur ki, Putinə yaxın dairələrdən əldə edilən məlumata görə, Paşinyan sonuncu dəfə Moskvada olarkən Putinlə görüş zamanı RF prezidenti gülümsəyərək ona belə deyib: «Tı moy duruq» (sən mənim dostumsan). Putinin Paşinyana isti münasibət göstərməsinin səbəbini Rusiya-Ukrayna müharibəsində Ermənistanın göstərdiyi mövqeyə verilən qiymət kimi dəyərləndirən qəzet əlavə edir ki, bir sıra MDB ölkələri, xüsusilə Qazaxıstan bu müharibədə Rusiyanın dostu olmadıqlarını sübut etdi. Baş nazir Paşinyan isə starteji tərəfdaş kimi Moskvaya öz dəstəyini göstərməklə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi məqsədini nümayiş etdirdi. Məqalədə həmçinin vurğulanır ki, Rusiyanın baş naziri Mişustin əvvəllər Paşinyana soyuq münasibət göstərirdi. Bəzən isə onu bu və ya digər məsələdə tənqid edirdi. Amma Paşinyanın son səfəri zamanı o, mövqeyində dəyişiklik edərək Paşinyanla isti münasibətdə olduğunu və artıq ona güvəndiyini sübut etdi. Ermənistanın baş nazirinin Rusiya rəhbərləri ilə son görüşü anti-Rusiya mövqeyində olan milli demokratik «Qütb» hərəkatının liderlərinin də diqqətindən yayınmayıb. Onlar Paşinyanı həm də Putinin adamı kimi qəbul etməyə başlayıblar.
Futbol Federasiyası siyasi quruma çevrilir
«Joğovurt» qəzetinin bugünkü sayında Ermənistan Futbol Federasiyasının hakimiyyət üçün siyasi və maddi bazaya çevrildiyi barədə məqalə dərc olunub. Qeyd olunur ki, 2009-2012-ci illərdə Paşinyanın baş redaktoru olduğu «Haykakan Jamanak» qəzetində elektron şəbəkə xidmətində işləyən Hakop Simidyan 2020-ci ilin iyulunda sözügedən Federasiyaya müşavir təiyn olunub. Ancaq o, Federasiya prezidentindən daha çox «səlahiyyət sahibidir». Belə ki, Federasiyaya ayrılan pullar məhz onun iştirak ilə hakimiyyət nümayəndələrinə ötürülür. O, həm də öz uşaqlıq dostunu burada işlə təmin edərək «nikolçuların» sayını artırıb. Ölkədə baş verən indiki siyasi qarşıdurma şəraitində isə iqtidarı dəstəkləyərək müxalifətçilərə qarşı kəskin mövqedə duran nikolçular hakimiyyətə dəstək mitinqlərini də təşkil etməklə öz silahdaşlarının etimadını doğruldurlar. Ermənistan futbolu isə getdikcə zəifləyir.
Nikol Paşinyan xalqı aldadıbmı?
«Joğovurt» qəzetinin 11 may tarixli sayında bu başlıq altında dərc olunmuş yazıda göstərilir ki, cari il aprelin 13-də Ermənistan parlamentində Qarabağla bağlı mövqeyini izah edən Nikol Paşinyan müxalifətin kəskin etirazına və aksiyalara fürsət verib. Əlavə olunur ki, o, 2018-ci ildəki hadisələr zamanı və sonra Qarabağla bağlı verilən suallara cavabında həmişə müstəqillik barədə danışıb. Sonra isə Şuşada tədbirdə olarkən «Qarabağ Ermənistandır və nöqtə» deyərək Azərbaycana ciddi mesaj ötürüb. 44 günlük müharibədə Ermənistan müdafiə nazirliyini hərbi əməliyyatların gedişi barədə düzgün olmayan informasiyalar verməyə təhrik edib. Şuşa şəhəri alındıqdan sonra elan edilən üçtərəfli bəyanat Paşinyan hakimiyyətinin və Ermənistan ordusunun məğlub olduğunun göstəricisi olub. Bundan sonra kütləvi iğtişaşlar başlayıb və xalq Ermənistanın məğlub olduğunu qəbul edə bilməyib. 2022-ci il aprelin 13-də isə o qanunverici orqan qarşısında Ermənistan-Azərbaycan münasibətlərinin incəliklərinə toxunub və Qarabağın həmişə Azərbaycanın tərkibində oldğunu vurğulayıb. «Aprelin 17-dən başlayan etiraz aksiyaları isə mayın 1-dən vətəndaş itaətsizliyi ilə davam edir», - deyə qəzet ölkədə nə vaxt sakitlik yaranacağının məlum olmadığını da vurğulayıb.
Paşinyan Niderlandda da etirazla qarşılanıb
Mayın 11-də NEÜS.am TV-də yerləşdirilmiş videoçarxdan məlum olur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Niderlanda 2 günlük rəsmi səfəri zamanı orada da etirazla qarşılanıb. Təqribən 40 nəfərdən ibarət erməni Niderlandın Beynəlxalq münasibətlər institutunun həyətinə toplaşaraq buraya «Ermənistanla Niderlandın əsrlik dostluğu və 30 illik əməkdaşlığı» mövzusunda mühazirə oxumaq üçün gələn N.Paşinyan «satqına ölüm», «torpaq verən», «türk iti» və s. şüarlarla qarşılaşıb. Aksiya iştirakçıları Paşinyanın şəklinə Türk paşalarına məxsus papaq montaj edərək altında Türkiyənin bayrağının şəklini və «Türksüz Ermənistan» şüarını yazıblar. Polis əməkdaşlarının gözləri qarşısında saatlarla qışqıran etirazçılardan nə üçün toplaşdıqlarını soruşduqda isə bildiriblər ki, Nikol Paşinyan artıq baş nazir yox, «torpaq verən satqındır».
Qeyd edək ki, N.Paşinyanı səfərdə xarici işlər naziri Ararat Mirzoyan və bir sıra rəsmi şəxslər müşaiyət edirlər. O, Niderlandın müxtəlif səviyyəli rəhbərləri ilə görüşərək Ermənistan-Niderland əlaqələrinin gücləndirilməsi barədə təkliflərlə də çıxış edib.
Hazırladı: Nəsib QARAMANLI