27.06.2025, 20:51
AZ EN
28.02.2023, 09:11 357

Bu gün Od çərşənbəsi qeyd olunur

XƏBƏRLƏR
  • Bu gün Novruzun dörd çərşənbəsindən biri - Od çərşənbəsi qeyd olunur.   Hər çərşənbənin özünəməxsus digər adları olduğu kimi Od çərşənbəsinə də, xalq  arasında üskü (tonqal) və ya ocaq çərşənbəsi də, deyirlər. Qədim inanclara görə, bu gün insanlar tonqal qalayıb, alovun üzərindən tullanaraq deyirlər ki, “azarım-bezarım odda yansın”.

Od, tonqal istiliyin rəmzidir və havaların isinməsi də yazın gəlişindən xəbər verir. El arasında deyilənə görə, Od çərşənbəsi günündə qazanlar qaynamalı, ocaqların üstü boş qalmamalıdır. Deyir, Od çərşənbəsində ocağı yandırıb, qazanı qaynatsan ilin sonuna qədər “ocağın yanar, qazanın qaynar” olar. Bir sözlə, ruzi-bərəkətin bol olar. Od çərşənbəsində də, bütün ailə üzvləri süfrə başına yığılar ki, ailə bütöv olsun. Aş dəmlənər, süfrə açılar, şəkərbura, paxlava bişirilər.

Tədqiqatçıların araşdırmalarına görə, Od çərşənbəsi qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan atəşpərəstlik dini ilə bağlıdır. Çünki Zərdüşt tərəfindən yaradılan “Avesta” kitabındakı odun müqəddəsliyi və insanların ona inamı, sitayişi tarix boyu özünü çox güclü göstərib. Bakının Suraxanı qəsəbəsində yerləşən “Atəşgah” məbədi buna əyani misaldır.

Tonqal haqqında ümumi məlumatlara “Kitabi-Dədə Qorqud” dastanında da, rast gəlmək mümkündür. Burada tonqala münasibət və onun müqəddəsliyi haqqında danışılır. Deməli, hələ qədim zamanlardan Azərbaycanda od həmişə qorunub. Xalqın həm şad, həm də kədərli günündə tonqal müjdəçi, carçı rolunu oynayıb.

Od çərşənbəsinə və oda aid bir çox atalar sözləri, məsəllər, alqış və qarğışlar da qədim zamanlardan günümüzə gəlib çıxıb. “Odla oynamaq olmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar”, “Ocağın sönməsin”, “Qazanın qaynasın həmişə” və s.

Od çərşənbəniz mübarək!

Mina RƏŞİD

Oxşar xəbərlər