Bu fikirləri məşhur fotoqraf Reza Deqati Parisdə “Zulma” nəşriyyat evi tərəfindən təşkil edilmiş və görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudovun ifasında “Ayrılıq” mahnısı ilə başlayan ədəbi gecədə deyib.
Fotoqraf bildirib ki, vaxtilə həmin mahnını ailələrində hər kəs oxuyurmuş. Bu mahnı Azərbaycan ərazisinin iki yerə bölünməsi ilə İran ərazisində qalmış azərbaycanlılara həmişə ayrılıq hissini yaşadıb. Təəssüflər olsun ki, bu gün 30 milyondan çox azərbaycanlı İranda hələ də ayrılıq nisgili ilə yaşayır.
Ədəbi gecədə R. Deqatinin Azərbaycanın təbiətini, tarixi məkanlarını, abidələrini, tolerantlıq mühitini, Qarabağ müharibəsini əks etdirən fotolarından ibarət “Günahsızların kütləvi qırğını” (Le massacre des innocents) və “Alovun zərifliyi” (L'Elégance du feu) kitabları təqdim olunub.
Müharibə fotoqrafı deyiləm, sülh müxbiriyəm deyən Reza Deqati “fotoqrafiya insanlığın xidmətində” devizi ilə dünyanın ən qaynar nöqtələrinə səyahət edib. Gördüyü hər anı çəkdiyi fotolarda əbədiləşdirib. Onun fotoları beynəlxalq jurnallarda (“National Geographic”, “Time Magazine”, “Stern”, “Newsweek”, “El País”, “Paris Match”, Geo…) nəşr edilib. (AZƏRTAC)