O, 1863-cü il yanvarın 26-da Şuşa şəhərində anadan olub. 1872-76-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil alıb. Sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olub. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya Müəllimlər Seminariyasına tələbə toplamaq məqsədilə bu məktəbə gələndə Firidun bəyin ailəsi bu fürsəti dəyərləndirib. Beləliklə, gənc Firidun təhsil almaq üçün Qoriyə aparılıb. 1879-85-ci illər ərzində Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alıb. O, müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə isti münasibətlər qurub.
Firidun bəy 1885-ci ildə seminariyanı bitirib İrəvan gimnaziyasına təyinat alıb. 1885-1890-cı illərdə İrəvanda çalışdığı müddətdə gimnaziyada Ana dili və Hüsnxətt fənlərini tədris edib, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşıyıb. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılıb. 1893-94-cü illərdə yenidən İrəvan gimnaziyasında çalışıb. O, 1895-ci ildə İrəvan şəhərini tərk edib. Həmin ildə Qori Müəllimlər Seminariyasının "Tatar şöbəsi"nin Azərbaycan dili və şəriət müəllimi təyin edilib. 1918-ci ilə qədər Qoridə pedaqoji fəaliyyətini davam etdirib.
Firidun bəy 1910-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı, sonradan isə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsinə təyin olunub. 1916-17-ci illərdə Seminariyanın Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərib, təkliflər irəli sürüb.
"Firidun bəy Köçərli ilk dəfə Azərbaycan ədəbiyyatını sistemləşdirib, uşaq ədəbiyyatımıza çox qiymətli hədiyyə edib. Ədəbiyyat tarixi, həm də kitabxanaşünaslıq elminə böyük töhfələr verib. O, əsl ziyalı, gözəl pedaqoq olub.
F.b.Köçərlinin insan kimi dürüstlüyü, mədəniyyəti ətrafına nüfuz edərək ona böyük hörmət qazandırıb. Deyirlər ki, o vaxt uşaqlarını oxutmaq istəməyən valideynlər onunla söhbətdən sonra özləri övladlarını məktəbə gətirirmiş. Firidun bəy 1897-ci ildə Vəkilovlar nəslindən olan Badisəba xanım Köçərli ilə ailə qurub, lakin onların övladı olmayıb. Buna baxmayaraq, xanımı ona həmişə dost, sirdaş olub.
Firidun bəy müəllimlik peşəsinin ən müqəddəs bir iş olduğunu düşünüb, onun fikrincə, pis şagird yoxdur, gərək onu anlamağa çalışasan. Bu gözəl pedaqoq üçün müəllimlik təkcə dərs deməkdən ibarət olmayıb, onun qəlbi həmişə şagirdlərinin yanında olub. Firidun bəy açıq sözlü, açıq fikirli, millətinin tərəqqisi naminə çalışan bir ziyalı olub. Odur ki, xalqa bir faydası toxunmayan, boş sözlərdən ibarət olan əsərləri cəsarətlə tənqid edib. Mənbələrə görə, Nəriman Nərimanov kimi siyasi xadimin əsərini heç nədən çəkinmədən tənqid edib. N.Nərimanov özü bu haqda belə yazıb: "Mənim "Nadanlıq" əsərimi Firidun bəy tənqid etməsəydi, "Nadir şah" kimi bir əsər meydana gəlməzdi".
Firidun bəy N.Gəncəvidən tutmuş M.Ə.Sabirə kimi şair və yazıçılarımız haqqında ilk dəfə olaraq sistemli bir şəkildə "Azərbaycan Türklərinin Ədəbiyyatı" adlı möhtəşəm bir kitab yazıb. Sonradan həmin kitab bir az əlavələr edilərək "Azərbaycan Ədəbiyyatı" adı ilə nəşr etdirilib. Onun "Balalara hədiyyə" kitabı bu günədək dəfələrlə çap edilib. Bu toplu dövrünün uşaqları üçün nadir bir tapıntı, qiymətli bir nəşr rolunu oynayıb.
Ensiklopedik biliyə malik, Ana dilimizin keşiyində dayanan istedadlı bir alim, böyük vətənpərvər ziyalı erməni fitvasının, repressiyanın qurbanı olub. Onun qiymətli irsinin çox hissəsi məhv edilib və bu gün məzarının da harada olduğu məlum deyil.
Böyük ziyalı Firidun bəy Köçərlinin işıqlı xatirəsi həmişə xalqın yaddaşında yaşayacaq.
Mina RƏŞİD