27.06.2025, 22:15
AZ EN
28.10.2022, 10:45 589

Qənirə Paşayeva Nəvai Dövlət Universitetində Xurşidbanu Natəvan adına Azərbaycan Mərkəzinin açılması təklifi ilə çıxış edib

XƏBƏRLƏR

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi və Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə gerçəkləşən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Nəvai Dövlət Universitetində görüş və özbəkcə çıxmış “Qarabağdan doğan Günəş: Xurşidbanu Natəvan” (“Qorabog‘da porlagan Quyosh: Xurshıdbonu Notavon”) kitabının təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, adıçəkilən kitabın həmmüəllifi Qənirə Paşayevanın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Nəvai vilayətinin ən böyük universitetində keçirilən tədbirə, bu ali təhsil ocağının professor-müəllim heyəti, jurnalistlər və ictimai fəallar qatılıb.

Universitet rəhbərliyini, professor-müəllim, tələbə heyətini, görüşün bütün iştirakçılarını Azərbaycan nümayəndə heyəti adından salamlayan Qənirə Paşayeva universitetdə Xurşidbanu Natəvan adına Azərbaycan Mərkəzinin açılmasını təklif edib. Onun təklifi universitet rəhbərliyi tərəfindən dəstəklənib.

“Qarabağdan doğan Günəş: Xurşidbanu Natəvan” kitabının təqdimatının təşkili üçün bütün təşkilatçılara təşəkkür edən Q.Paşayeva Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Nəvai Universitetində belə bir gözəl tədbirin təşkilini qardaş ölkələrimizin təhsil və mədəniyyət işçiləri, aydınları, özəlliklə tələbə-gənclər arasında sıx əlaqələrin möhkəmlənməsinə, o cümlədən mədəni-ədəbi, elm-təhsil əməkdaşlığının daha da gücləndirilməsinə xidmət etdiyini deyib. Belə əməkdaşlıqda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi rolunu minnətdarlıqla vurğulayan Q.Paşayeva, dövlətlərimizin yüksək səviyyəli münasibətləri haqqında ətraflı danışaraq, ölkə başçılarının uğurlu siyasətinin sonucunda bu əməkdaşlığın strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.

Q.Paşayeva “Qarabağdan doğan Günəş: Xurşidbanu Natəvan” (“Qorabog‘da porlagan Quyosh: Xurshıdbonu Notavon”) kitabının, bu il anadan olmasının 190 illiyi qeyd olunan xanım ədibin ruhuna, irsinə ehtiram əlaməti olaraq yazıldığını deyib. O, dosent Faiq Ələkbərli ilə birgə yazmış olduğu kitabın məziyyətlərindən danışaraq, Natəvan yaradıcılığının çağdaş özbək oxucuları üçün də maraqlı olacağına əminliyini ifadə edib.

Komitə sədri vurğulayıb ki, kitabın özbəkcə nəşri və dost, qardaş Özbəkistanda təqdimatları görkəmli Azərbaycan şairi Natəvanın timsalında Azərbaycan ədəbiyyatına verilən dəyərin ifadəsidir.

Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhəri başda olmaqla, Qarabağın yalnız Azərbaycana deyil, bütövlükdə türk dünyasına görkəmli şəxsiyyətlər bəxş etdiyini bildirən Komitə sədri, bu kitabın özbəkcəyə uyğunlaşdırılmasını və təqdimatlarının məhz Özbəkistan universitetlərində keçirilməsini çox yerində olan hadisə kimi qiymətləndirib, təşkilatçılara minnətdarlığını yetirib.

Komitə sədri Q.Paşayeva qardaş ölkələrimiz arasında yalnız mədəniyyət, ədəbiyyat, elm və təhsil sahəsində deyil, bütün əməli çalışma sahələri üzrə əməkdaşlığın dərinləşdiyini bildirib. O, belə dərin əməkdaşlığın qardaş xalqlarımızın maraqlarına, birlik ruhumuza cavab verdiyini söyləyib. Özəlliklə təhsil ocaqları arasında davamlı əməkdaşlığın, intensiv görüşlərin keçirilməsinin zərurətini əsaslandıran Komitə sədri, bunun çox yaxşı təcrübə olduğunu bildirib.

Q.Paşayeva qardaş ölkələrimiz arasında günü-gündən yeni dərinlik qazanan əməkdaşlığının yetərincə təcrübə topladığını məmnunluqla vurğulayıb. O, Azərbaycanla Özbəkistanın dostluq - qardaşlıq təcrübələrinin qazanılmasının türk dünyasının ümumi maraqlarına cavab verdiyini bildirib. Komitə sədri 44 günlük müharibə günlərində özbək xalqının və dövlətinin Azərbaycana göstərdiyi mənəvi dəstəyi minnətdarlıqla qeyd edib.

Ustadlar ustadı Nəvainin adını daşıyan vilayətdə, Nəvai Universitetində çıxış etməyin şərəfli və məsuliyyətli olduğunu vurğulayan Q.Paşayeva, Nəvaini özünə ustad bilən türk dünyası klassiklərindən, Nəvainin Nizamini özünün mənəvi ustadı bilməsindən danışıb və bunun gözəl əsərlərlə süsləndiyini, ənənələr yaratdığını söyləyib.

Komitə sədri universitetlərin hər bir vilayətin mədəni-mənəvi zənginliyinə xüsusi rəng qatdığını deyərək, ali təhsil ocağının ulu Nəvainin adını daşımasını da xüsusi dəyərli hadisə olaraq şərh edib. O, Nəvainin əsərləri, irsi kimi, onun adını daşıyan hər bir ünvanın da türk dünyası üçün doğma, əziz olduğunu deyib.

Q.Paşayeva tələbə-gənclərin, ictimai fəalların suallarına cavab verib.

Sonda “Qarabağdan doğan Günəş: Xurşidbanu Natəvan” (“Qorabog‘da porlagan Quyosh: Xurshıdbonu Notavon”) kitabı, Azərbaycana dair digər nəşrlər, Qarabağ motivli hədiyyələr Azərbaycan nümayəndə heyəti adından Nəvai Dövlət Universitetinin kitabxanasına təqdim edilib.

AZƏRTAC

Oxşar xəbərlər