M.Q.İrəvaninin həyat və yaradıcılığından bəhs edən bədii albom Azərbaycan, ingilis və rus dillərində hazırlanaraq nəfis tərtibatda nəşr edilmişdir.
Mirzə Qədim İrəvani - ( 1825-ci il dekabrın 4-də İrəvan şəhərində anadan olub. Mirzə Qədim 15 yaşında Tiflisdəki progimnaziyanı bitirmişdir. Fars, rus və fransız dillərini mükəmməl öyrənən Mirzə Qədim İrəvana qayıtdıqdan sonra ömrünün sonunadək poçtda teleqrafçı vəzifəsində çalışmışdır. Mirzə Qədimdə rəssamlığa meyl hələ Tiflisdə progimnaziyada oxuduğu vaxt yaranmışdı. Əvvəlcə şüşə və parça üzərində şəkillər çəkən Mirzə Qədim sonralar portret və ornamental kompozisiyalar ustası kimi məşhurlaşmışdır. Kollec asessoru (XIX əsrdə əsilliklə zadəgan olan şəxslərə verilən mülki rütbə – N.M.) olan Mirzə Qədim İrəvaninin Qərbi Avropa, Şərq və rus yazıçılarının əsərlərindən ibarət zəngin kitabxanası olmuşdur.
Mirzə Qədim İrəvaninin əsərləri dünyanın məşhur muzeylərində və kolleksiyalarda sərgilənir. Onun yaradıcılığında Sərdar sarayını bəzəyən divar rəsmləri və rəngkarlıq əsərləri xüsusi yer tutur, günümüzə çatan əsərləri isə İrəvan diyarının və bütövlükdə Azərbaycanın mədəni irsinin mühüm tərkib hissəsini təşkil edir.
Azərbaycanın mədəni irsini, görkəmli şəxsiyyətlərini və sənət ənənələrini təbliğ etməyi qarşısına məqsəd qoyan “Xalq əmanəti” layihəsinin 26-cı buraxılışı bu dəfə XIX əsr Azərbaycan təsviri sənətinin banilərindən biri – Mirzə Qədim İrəvaniyə həsr olunub.
Layihə çərçivəsində sənətkarın yaradıcılığı, onun yaşadığı dövr və milli rəssamlıq məktəbinə verdiyi töhfələr geniş şəkildə təqdim olunub.
Mirzə Qədim İrəvani təkcə peşəkar rəssam kimi deyil, həm də mədəniyyət tariximizdə dərin iz qoymuş şəxsiyyət kimi tanınır. O, İrəvan şəhərində fəaliyyət göstərmiş və ilk dəfə olaraq Azərbaycan təsviri sənətində realist portret janrını tətbiq etmiş sənətkar sayılır. Onun fırçasından çıxan portretlər və monumental divar rəsmləri, həmçinin dekorativ sənət nümunələri bu gün də Azərbaycan rəssamlıq məktəbinin inkişaf mərhələlərini araşdırmaq üçün əsas mənbələrdəndir.
Tahirə AĞAMİRZƏ