26.09.2025, 04:19
AZ EN
20.09.2025, 15:00 134

"Qarsın Qərbi Azərbaycan yaddaşı" sənədli filminin təqdimatı keçirilib

XƏBƏRLƏR
  • "Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə hazırladığı "Qarsın Qərbi Azərbaycan yaddaşı" adlı sənədli film ictimaiyyətə təqdim olunub.

Ekran işi Azərbaycan Televiziyasının (AzTV) istehsalıdır.

Filmin müəllifi Almaz Mahmud təqdimat mərasimində Qarsa səfər etdiklərini, çəkilişlərin də çox asan başa gəlmədiyini bildirib:

"Qarsda gördüyümüz isti münasibət, insanların səmimiyyətinə görə özümüzü sanki Azərbaycanda hiss etdik. Məsələn, adətlər, yeməklər, insanların həyat tərzi bizə çox tanış idi. Ümid edirəm ki, bu cür filmlərin çəkilişi davam edəcək. Zəngəzur dəhlizi açıldıqdan sonra isə növbəti filmi məhz həmin ərazilərdə çəkməyi planlaşdırırıq."

Gənc tədqiqatçı Pərvanə Xıdırova filmin gələcək nəsillər üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib:

"Bu sənədli film təkcə tarixi hadisələrin ekranlaşdırılması deyil, həm də gələcəkdə Qərbi Azərbaycanla bağlı araşdırma aparmaq istəyən tədqiqatçılar üçün dəyərli bir mənbədir. Film faktlarla yanaşı, insanların şəxsi yaddaşında qalan ağrıları da tamaşaçılara çatdırır".

Qeyd edək ki, sənədli film Türkiyənin Qars vilayətində çəkilib və 1915-1920-ci illərdə baş vermiş deportasiya dövründə Qərbi Azərbaycan türklərinin yaşadığı tarixi faciələri əks etdirir. Ekran əsərində həmin dövrdə 500 mindən çox azərbaycanlının deportasiya olunaraq Türkiyənin müxtəlif bölgələrinə - İğdır, Ərzurum, Muş və Qars vilayətlərinə köçməsindən, onların burada yeni həyat qurmaq üçün qarşılaşdıqları çətinliklərdən bəhs olunur.

Filmdə Qarsın Altınyayla kəndinin ən yaşlı sakini, İrəvanda anadan olmuş 105 yaşlı Kudret Erolun xatirələri də xüsusi yer tutur. O, valideynlərinin yaşadığı faciələri, eləcə də həmin dövrün dəhşətlərini şəxsi yaddaşında daşıyaraq tamaşaçılara ötürür. Filmdə həmçinin 1915-1920-ci illərdə ermənilər tərəfindən Qars və ətraf bölgələrdə törədilən soyqırımı cinayətləri, o cümlədən 1918-ci ildə Ulu Camidə yandırılan yüzlərlə dinc insan barədə faktlar da təqdim edilir.

Ekran işində diqqətə çatdırılır ki, bu gün də Qars sakinləri Zəngəzur dəhlizinin açılmasını böyük səbirsizliklə gözləyir və bu dəhlizə təkcə strateji yol kimi deyil, həm də mənəvi bir körpü, könül bağı kimi yanaşırlar.

Tədbirin sonunda vurğulanıb ki, bu kimi sənədli filmlər yalnız keçmişi işıqlandırmaqla kifayətlənmir, həm də gələcək nəsillərə milli yaddaşı ötürmək missiyasını daşıyır. (Report)

Oxşar xəbərlər