04.08.2025, 15:41
AZ EN
04.08.2025, 11:00 114

Ölkəmiz Türkmənistanda bu gün başlayan konfransda təmsil olunur

XƏBƏRLƏR
  • 4-8 avqust tarixlərində Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə III Konfransı keçiriləcək. Konfransda Azərbaycan da təmsil olunacaq.

Konfrans çərçivəsində “Azərbaycan Milli Günü” təşkil ediləcək. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Tədbirlərdə Azərbaycanın zəngin mədəni irsi, incəsənət ənənələri və müasir yaradıcılıq potensialı təqdim ediləcək. 

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti, o cümlədən ölkəmizin tanınmış sənət xadimləri Türkmənistanın Avaza bölgəsindədir.

Proqram çərçivəsində Azərbaycan pavilyonunda milli sənətkarlıq nümunələri, nəşrlər, suvenirlər və tətbiqi sənət əsərləri təqdim olunacaq. Açıq hava sərgi zonasında xalçaçılıq, milli geyimlər, kəlağayı, şəbəkə və tikmə sənəti nümayiş etdiriləcək, həmçinin ustad dərsləri keçiriləcək. Kulinariya guşəsində milli mətbəximizin ənənəvi ləzzətləri təqdim olunacaq. Konsert proqramlarında milli musiqi, rəqslər və müasir səhnə performansları nümayiş etdiriləcək.

Avqustun 5-də konfransın rəsmi açılışı çərçivəsində qala konsert təşkil olunacaq.

Ayın 6-da isə “Azərbaycan Milli Günü” möhtəşəm musiqi və rəqs proqramı ilə qeyd ediləcək.

Avqustun 8-də səhnəmizin tanınmış sənətkarlarının, ifaçılarının iştirakı ilə təşkil olunacaq “Azərbaycan Milli Günü” qala konsert ilə yekunlaşacaq.

Azərbaycanın bu tədbirdə iştirakı yalnız mədəniyyət nümayişi deyil, həm də sülh, əməkdaşlıq və mədəni diplomatiyanın inkişafına mühüm töhfə olacaq.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər