04.08.2025, 18:36
AZ EN
28.07.2025, 13:41 246

“Qərbi Azərbaycan folkloru” seriyasının IV cildi çap edilib

XƏBƏRLƏR
  • “Qərbi Azərbaycan folkloru” seriyasının IV cildi çapdan çıxıb. AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə işıq üzü görən kitabdakı materiallar müxtəlif illərdə filologiya elmləri doktorları Hikmət Quliyev, Səfa Qarayev və filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı (Süleymanova) tərəfindən toplanıb.

Kitabın tərtibçisi və ön söz müəllifi Ləman Vaqifqızı, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlidir.

Kitabdakı materiallar Bakı və Naftalan şəhərlərində, Şəki və Goranboy rayonlarında, eləcə də Türkiyənin İğdır bölgəsində məskunlaşmış Qərbi Azərbaycan sakinlərindən toplanıb. Toplu “Mifoloji mətnlər, əfsanə və rəvayətlər”, “İnanclar”, “Türkəçarələr və bitkilər haqqında məlumat”, “Yuxuyozmalar”, “Etnoqrafik mətnlər”, “Xatirələr”, “Nağıllar”, “Lətifələr”, “Bayatı, nanay və mahnılar”, “Ağılar”, “Atalar sözləri və deyimlər”, “Alqışlar”, “Oyun və tamaşalar”, “Adlar” bölmələrindən ibarətdir.

Topluda təqdim olunan 20-dən artıq nağıl nümunəsi – “Şahzadə Saleh”, “Qəşəmin nağılı”, “Atı üç qıçlı Göygöz Kosa”, “İlan oğlan Mirzəbəy və şah qızının nağılı” və digərləri həm süjet və motiv baxımından, həm də söyləyicilərinin qoruduğu ənənəvi təhkiyə üslubu ilə diqqət çəkir. Kitabda oyunlarla yanaşı, tamaşalara da yer verilib. 

Azərbaycanın müxtəlif bölgələrində maraqlı şəxs adlarına çox rast gəlinsə də, bunların toplanılması, araşdırılması diqqətdən kənarda qalmışdı. Halbuki şəxs adlarının sistemli şəkildə öyrənilməsi bir çox mətləblərdən xəbər verə bilər. Bunu nəzərə alaraq topluya daha çox Qərbi Azərbaycan əhalisi arasında yayğın olan şəxs adları da daxil edilib.

“Qərbi Azərbaycan folkloru” seriyası tarixi Azərbaycan torpaqlarının əzəli sakinlərinin – Qərbi azərbaycanlıların mənəvi dünyasının, tarixi yaddaşının və dil-üslub xüsusiyyətlərinin qorunub gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Hazırladı: Mina RƏŞİD 

Oxşar xəbərlər