29.06.2025, 19:06
AZ EN
29.06.2025, 12:44 74

Milli Kitabxanada “Professor Pənah Xəlilov – 100” adlı kitab sərgisi açılıb

XƏBƏRLƏR
  • Milli Kitabxanada görkəmli ədəbiyyatşünas alim, tənqidçi və tərcüməçi, filologiya elmləri doktoru, professor Pənah Xəlilovun anadan olmasının 100 illik yubileyi münasibətilə “Professor Pənah Xəlilov – 100” adlı kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə professorun əsərləri, tədqiqatları, ali məktəblər üçün dərs vəsaitləri, tərcümələri, tərtib etdiyi, ön söz yazdığı, redaktoru, rəyçisi və məsləhətçisi olduğu kitablar, həyatı və elmi-bədii yaradıcılığı, pedaqoji və tərcüməçilik fəaliyyəti haqqında ədəbiyyatlar nümayiş olunur.

Qeyd edək ki, Pənah İmran oğlu Xəlilov 1925-ci il iyulun 1-də Gürcüstanın Borçalı rayonunun Sadaxlı kəndində ziyalı ailəsində anadan olub. İbtidai təhsilini kənddə alıb. 1934-cü ildə ailəlikcə Gəncəyə köçdüklərindən M.Ə.Sabir adına 5 saylı şəhər orta məktəbində oxuyub, ADU-nun filologiya fakültəsini bitirib (1943-1948). Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı (1948-1951), sonra baş müəllim, dosent (1951-1969), SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri (1969-1989) vəzifəsində çalışıb.

1948-ci ildən fəal ədəbi yaradıcılığa başlayıb.

Bir çox dərslik və dərs vəsaitlərinin müəllifi olmuş Pənah Xəlilovun iki cildlik “SSRİ xalqları ədəbiyyatı”, professor Mir Cəlal Paşayevlə birlikdə yazdığı “Ədəbiyyatşünaslığın əsasları”, 1994-cü ildə nəşr olunmuş “Türk xalqlarının və şərqi slavyanların ədəbiyyatı” kitabları bu gün də alim və tələbələrin müraciət etdiyi dəyərli elmi mənbələrdir.

Professor Pənah Xəlilov “Əhməd Yəsəvi”, “Ukraynanın böyük Kobzarı”, “Kitabi-Dədə Qorqud-intibah abidəsi”, “"Əli və Nino" problemləri”, “Dostluğun gücü”, “Nəsrimizin üfüqləri” və s. sanballı əsərlərin müəllifidir.

20-dən çox kitabın, 300-dən artıq məqalənin müəllifi olan Pənah Xəlilov həm də bədii tərcümə sahəsində ciddi xidmətləri olan yaradıcı şəxsiyyətlərdəndir. Migel de Servantesin “Don Kixot” və Herodotun “Tarix” əsərlərinin tərcüməsi görkəmli alimin yaradıcılığında xüsusi yer tutur.

Görkəmli alim haqqında 2010-cu ildə Arif Əmrahoğlu “Professor Pənah Xəlilov” adlı monoqrafiya yazıb. (AZƏRTAC)

Oxşar xəbərlər