Vaxtilə Şuşada Xan qızı Xurşidbanu Natəvanın himayəsində fəaliyyət göstərmiş, bölgənin tanınmış şairlərinin və musiqiçilərinin qatıldığı, dövrün ədəbi mühitinin formalaşmasında xüsusi rolu olan "Məclisi-üns"ün fəaliyyətinin bərpasından sonra ilk toplantısı Xan qızının evinin qarşısında təşkil edilmişdi. “Şuşa İli” çərçivəsində və görkəmli şairə Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə gerçəkləşən toplantıda Mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan və digər türkdilli ölkələrin elm, ədəbiyyat xadimləri, digər qonaqlar iştirak etdilər. Azərbaycan Yazıçılar Birliyinin sədr müşaviri, şair-tərcüməçi Sayman Aruz həmin tədbirlə bağlı Şuşada olan türkdilli ölkələrin gənc şairlərinin təəssüratlarını öyrənib. Həmin yazını təqdim edirik.
Qırğızıstanlı gənc şair Nurkız Rıskul-kızı:
- Şuşa gözəl şəhərdir. Onun təbiəti zəngin və havası çox təmizdir. Azərbaycan xalqı çox vətənpərvərdir. Burada baş verənlər təsiredici bir hadisədir. Biz bunların şahidi olmuşuq və bu haqda çox eşitmişik. Çox istərdim ki, bütün dünyada sülh, firavanlıq olsun. Sizə uğurlar arzulayıram. “Məclisi-üns” çox yaxşı təşkil olunub. Eyni zamanda tədbir çox rəngarəng keçdi. Mən tədbirinizi çox bəyəndim və özümü xoşbəxt hiss edirəm ki, buradayam.
Özbəkistanlı gənc şair Nargiz Asatova:
- Bilirsinizmi, mən ilk dəfədir ki, gəlirəm Azərbaycana, Qarabağa da həmçinin. Bakıya gəldim, Bakı çox gözəl şəhərdir, mən onun şəkillərini, videolarını görmüşdüm. Canlı olaraq şəhərin gözəlliyini, insanların gözəlliyini öz gözümlə də gördüm. Qarabağa gələndə isə gözlərimdən yaş gəldi. Çünki oradakı xarabalıqlar, viranəliklər, düşmən əsarəti məni çox duyğulandırdı. Düşünürəm ki, dünyada insanlar arasında dostluq lazımdır. Xalqlar arasında dostluq lazımdır. Tədbirdə söz almış şairlər, akademiklər və digər incəsənət xadimləri öz nitqlərində daha çox dostluğa yer vermişlər. Şeirlər də çox gözəl idi. Bilirsinizmi bizim Özbəkistanda Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə və Özbəkistan Yazarlar Birliyi ilə sıx əməkdaşlığımız var. Orada vaxtaşırı müşavirələr keçirilir, azərbaycanlı və özbəkistanlı yazarlar da iştirak edirlər. Burada gənc azərbaycanlı şairlərin şeirlərini hər zaman dinləyirəm və indi də dinlədim. Qırğızıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə və Özbəkistan şairlərinin şeirlərini də dinlədim. Bütün şeirlər bir mövzu ətrafında Vətən, gənclik haqqında birləşdi.
Özbəkistanlı gənc şair Mansur Jumayev:
- İlk dəfədir Şuşadayam, İlk dəfədir Azərbaycandayam. Çox həyəcanlı olduğum üçün ürəyimdən keçənləri tam ifadə edə bilmirəm. Bu dağlar, bu gözəllik, bu bağlar yenidən Azərbaycanın tərkibindədir. Və bu gözəl güşədən gözəl hislərlə, şeirlərlə, duyğularla ayrılırıq...
Xurşidbanu Natəvan haqqında, onun yaratdığı “Məclisi-üns” haqqında çox maraqlı məlumatları, nitqləri dinlədik və onun zəngin irsi ilə yaxından tanış olduq.
Türkiyəli gənc şair Barış Atabey:
- Biz Şuşaya obyektiv olaraq bütün dünya insanları adına gəldik və buradakı xarabalıqları, yanmış, dağılmış evləri gördük. Onlardan da əlavə dağılmış məscidləri gördük. Ermənilər bu gün İstanbulda, Ankarada, Kayseridə Türkiyənin bir çox yerində öz kilsələrində çox rahatlıqla ibadət edə bilirlər. Ancaq burada məscidlərin donuz axuruna çevrildiyini gördük. Bunları həmişə öz gözümüzlə görmüşük və bunu düşündük, azərbaycanlılar bundan 30 il əvvəl buradan getdiyi vaxt evlərini yandırıb getməmişdilər. Amma 2 il əvvəl buradan gedən ermənilər daş üstündə daş qoymamışdılar. Onda başa düşdük ki, əslində, ermənilər dünyanın hər yerində yalan danışır. Qarabağ Azərbaycandır və bu şovinist bir cümlə deyil, həqiqətdir!
“Məclisi-üns” Xurşidbanu Natəvanın da rəhbəri olduğu çox qədim bir qurumdur, bir məktəbdir, bir institutdur. Davam etdirilməsi və həmçinin inkişaf etdirilməsi lazımdır. Mən xoşbəxtəm ki, bu gün türkdilli dövlətlərdən yığışaraq “Məclisi-üns”ü bu il yaratdıq və gələcək illərdə istedadlı şairlərdən, yazarlardan və bütün dünya insanlarından bu məclisə gələn şəxslər Xurşidbanu Natəvanı, onun Aleksandr Düma ilə olan dostluğunu və Natəvanın yetişdirdiyi böyük şairlərimizi tanıya bilərlər, o ruhu yaşada bilərlər.
Qırğızıstanlı gənc şair Berdibek Jamqırçiyev:
- Xöşbəxtlikdən mən bu gün Şuşadayam. Əslində, biz Azərbaycan və Şusa haqqında cox eşitmişik. Mən ilk dəfədir ki, Şuşadayam və onun gözəlliyini görürəm. Şuşa məni cox təəcübləndirdi və məndə belə bir fikir formalaşdırdı, sanki biz hamımız qohumlarıq və eyni atanın evladlarıyıq. Biz hamımız türkük və bü gün burda mən bunu hiss edirəm.
“Məclisi-üns”ün yenidən bərpa olunması çox valehedicidir. Biz burada azərbaycanlı və digər türk ölkələrinin yazıçı və şairləri ilə tanış olduq, onların çıxışlarını dinlədik. Əlbəttə ki, mən burada olduğum müddətdə Şuşa haqqında şeirlər yazdım. Qarabağda yaşayan bacı-qardaşlarımızın ağrılı-acılı günləri haqqında fikirlərimi qələmə aldım. Bu arada Şuşa Qırğızısıstanın dağlıq ərazilərinə bənzəyir və məndə elə bir istək yaranıb ki, həmişə bura gəlmək, burada qonaq olmaq və dincəlmək lazımdır. Ən əsası Şuşa, Azərbaycan və onun gözəlliyi, burada yaşayan insanlar haqqında öz fikirlərimi, şeirlərimi yazmaq istəyirəm.
Mina RƏŞİD