27.06.2025, 11:25
AZ EN
30.08.2022, 14:45 379

“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” layihəsi davam edir

XƏBƏRLƏR
  • “Şuşa İli”nin elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.

Layihə çərçivəsində təqdimatlardan biri Şuşanın Mamayı məhəlləsində yerləşən Mamayı məscidinə həsr olunur.

Şuşa qalası 17 məhəllədən ibarət idi. Hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı və kiçik meydanı olub.

Məhəllə məscidlərinin böyüklüyü sakinlərin sayına uyğun inşa olunurdu. Onların çoxunda azançı üçün (müəzzin) kiçik köşklər quraşdırılırdı.

Şuşanın mərkəzində yerləşən Mamayı məhəlləsində Aran memarlıq üslubunda inşa edilmiş lokal ictimai-dini mərkəz olan Mamayı məscidi yerləşirdi. Bu tarixi abidə XIX əsrin böyük memarı kərbəlayı Səfi xan Qarabaği tərəfindən tikilib. O, Şuşanın demək olar, bütün məhəllə məscidlərinin memarı olub.

Mamayı məscidi iki mərtəbədən ibarət idi. İkinci mərtəbədə yerləşən qadınlar bölməsinə qalxmaq üçün məscidin arxa tərəfində xüsusi pilləkənlər quraşdırılıb. Bu pilləkənlərlə yalnız qadınlar zalına düşmək olurdu. Şuşanın dördbucaqlı adi yaşayış binalarının dam örtüyünü xatırladan Mamayı məscidinin dam örtüyündə azançı üçün “güldəstə” quraşdırılıb.

Məscidin ibadət zalı dörd sütunla üç nefə ayrılırdı. Pəncərələr binanın baş fasad və mehrab olan tərəfindən qoyulub.

Mamayı məscidi Sovet hakimiyyəti illərində poeziya evi kimi fəaliyyət göstərib və işğaldan əvvəl əsaslı təmir edilib.

Şuşa 1992-ci il mayın 8-də еrmənilər tərəfindən işğal еdildikdən sonra şəhərdəki digər məscidlərlə yanaşı, Mamayı məscidi də dağıdılıb.

Xatırladaq ki, qalib Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini erməni işğalçılarından azad edib. (AZƏRTAC)

Oxşar xəbərlər