27.06.2025, 20:09
AZ EN
22.04.2024, 09:12 368

Bu gün Xalq rəssamı Hüseyn Əliyevin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün tanınmış fırça ustası, Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyevin doğum günüdür. O, 1911-ci il aprelin 22-də Zəngəzur mahalındakı Qarakilsə bölgəsinin Comərdli kəndində anadan olub.

Bakıda Rəssamlıq Texnikumunda oxuduğu illərdə (1927-1932) “Molla Nəsrəddin” jurnalında müxtəlif eybəcərlikləri qamçılayan karikaturaları, rəsm əsərləri çap edilib. Azərbaycan mətbuatının inkişafında çox möhtəşəm mərhələ olan, işıqlandırdığı mövzuları bu gün də aktual səslənən “Molla Nəsrəddin”in Hüseyn Əliyevin rəssam kimi formalaşmasında böyük rolu vardı.

Hüseyn Əliyev Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən (1935) təqaüdə çıxanadək “Kommunist” (sonralar “Xalq qəzeti”) qəzetində rəssam işləyib. Qəzetçiliyin gündəlik qayğıları, operativlik bir rəssam kimi onun vaxtını çox alsa da, öz istedadı və zəhməti sayəsində Hüseyn Əliyev sənət imtahanından həmişə qalib çıxıb. 1939-cu ildə Mirzə Fətəli Axundovun portretini yaratmaq üçün elan edilmiş respublika müsabiqəsində gənc rəssamın təqdim olunan əsəri mükafata layiq görülüb. Dövrün, zamanın tələbləri ilə bağlı çəkdiyi onlarca plakatı ictimai-siyasi məzmununa, sadəliyinə və eyni zamanda orijinal həllinə görə fərqlənib.

İkinci Dünya müharibəsi başlayanda bir çox vətən oğlu kimi Hüseyn Əliyev də cəbhəyə gedib. Təşviqat alayında rəssam kimi fəaliyyət göstərib. Bu ağır illərdə qanlı döyüşlərin, qəhrəmanlıqların şahidi olan Hüseyn Əliyev neçə-neçə döyüşçünün portretini yaradıb. O, “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illərdə arxa cəbhədəki şərəfli əməyinə görə”, “Böyük Vətən müharibəsinin 30 illiyi” medalları və “Xalqlar dostluğu” ordeni ilə təltif olunub. Hüseyn Əliyev bacarıqlı rəssam kimi üç dəfə Azərbaycan, bir dəfə Ukrayna Ali Sovetinin fəxri fərmanlarına layiq görülüb. 1940-cı ildən Rəssamlar İttifaqının üzvü olan Hüseyn Əliyev 1976-cı ildə Əməkdar rəssam, 1982-ci ildə Xalq rəssamı fəxri adına layiq görülüb.

Hüseyn Əliyevin Naxçıvan və Zəngəzurla bağlı analoqu olmayan əsərləri var. Xalq rəssamının böyük məharətlə yaratdığı “İlanlı dağ” tablosu, “Urud qalası” peyzajı rəssamın yaradıcılığında ən yaxşı və şah əsərlərindəndir. Doğma yurdun hər qarışını böyük məhəbbətlə öz duyğularından, təxəyyülündən yaradıcılıqla keçirən görkəmli rəssamın “Zəngəzur mənzərəsi”, “Zəngəzur dağları”, “Şəki şəlaləsi”, “Comərdli mənzərəsi”, “Meşədə qış”, “Payız”, “Qürub çağı” kimi əsərləri incə müşahidə qabiliyyətinin məhsulu idi.

Hüseyn Əliyev portret çəkən rəssam kimi də çox böyük uğur və şöhrət qazanıb. O, əslində bu janrın ustadı idi. Çəkdiyi portretin hər biri insanın daxili dünyasını, sənətini əks etdirmək baxımından maraq doğurur. Məsələn, əlləri qoynunda dayanmış Hüseyn Cavidin portreti çox canlı və mənalıdır. Böyük şairin duruşu, baxışı, uzaqdan görünən Araz çayı, İlanlı dağ tamaşaçıya nələr söyləmir?! Eləcə də Nizami Gəncəvinin portreti düşündürücü təsir bağışlayır. Hüseyn Əliyevdən bizə ərməğan qalan bir sıra portretlər var ki, tarixilik baxımından böyük əhəmiyyət daşıyır.

2004-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində görkəmli rəssamın əsərlərindən ibarət sərgi təşkil edilib. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən bu tədbir yüksək dəyərləndirilib. Xarici ölkə vətəndaşları azərbaycanlı rəssamın rənglərin musiqisini təbiətin rəngində tablolara əks etdirmək məharəti qarşısında məmnun qalıblar.

Bu unudulmaz rəssamın yaradıcılığında mənzərələr, tablolar, portretlər, natürmortlarla bərabər, başqa janrlarda işlədiyi əsərlər də çoxdur. O, uzun müddət nəqqaşlıqla da məşğul olub, su boyaları ilə işləyib. Alleqorik əsərlərə müxtəlif məzmunlu karikaturalar, təsvirlər çəkib, kitablara illüstrasiyalar işləyib.

Hüseyn Əliyev 25 may 1991-ci ildə vəfat edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər