27.06.2025, 22:18
AZ EN
25.10.2023, 10:48 404

Ögey ananı doğmaya çevirən nəcib aktrisa

XƏBƏRLƏR
  • Canlı, maraqlı və düşündürən obrazları ilə ömürlük yaddaşlarda qalan Xalq artisti Nəcibə Məlikovanın bu gün doğum günüdür. O, 1921-ci il oktyabrın 25-də Bakının Buzovna kəndində anadan olub. 1943-cü ildə Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfini bitirərək Gəncə Dövlət Dram Teatrında çalışmağa başlayıb. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və yeni təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq 1951-ci ildə oranı bitirib. Təhsil aldığı illərdə Akademik Milli Dram Teatrının tamaşalarında epizodik rollar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib.

Nəcibə Məlikova Azərbaycan və dünya dramaturqlarının əsərlərinin səhnə həyatında rol alıb. Eyni zamanda, kinoda bir sıra uğurlu rollarla  yadda qalıb. Onların sırasında Dilarə, (“Ögey ana”), Aygün (“Aygün”), Cahan xala (“Arşın mal alan”), Nərgiz xala (“Əhməd haradadır?”) rollarının ifası aktrisaya böyük şöhrət gətirib.

Deyilənlərə görə, “Ögey ana” filmindəki Dilarə rolu Nəcibə xanımın öz taleyinə bənzəyir. Film ekranlara çıxandan sonra hətta qonşu ölkələrdən də Nəcibə Məlikovanın adına yüzlərlə məktub gəlib. Onun rolu insanları düşündürərək, onların həyatına təsir edib. Aktrisanın oynadığı “Ögey ana” obrazı yaxşı mənada müzakirələrə səbəb olub.

Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayıb. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edib.

Ümumiyyətlə Azərbaycan kino və teatr sənəti tarixində müstəsna xidmətləri olan Nəcibə Məlikovanın istər teatr səhnəsində, istərsə də kinoda oynadığı rollar böyük tamaşaçı rəğbəti qazanıb.

O da təsadüfi deyil ki, aktrisa teatra nə qədər çox bağlı olsa da, onun kino yaradıcılığı tamam fərqli bir xətt üzrə inkişaf edib. Kino onun həyatının bir parçasına çevrilib. Kino və teatr sahəsində xidmətlərinə görə aktrisa 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Görkəmli sənətkar 1992-ci il iyulun 27-də vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

Ögey ananı tamaşaçısına doğmalaşdıraraq onu sevdirməyi bacaran nəcib aktrisa həmişə kino sənəti tarixində və yaddaşlarda yaşayacaq.

Mina RƏŞİD

Oxşar xəbərlər