27.06.2025, 17:57
AZ EN
17.10.2023, 14:42 356

Sənədli filmlərin banisi

XƏBƏRLƏR
  • Bu gün kino rejissoru, operator, Xalq artisti Cavanşir Musa oğlu Məmmədovun doğum günüdür. O, 1915-ci il oktyabrın 17-də Lənkəranda anadan olub. 1937-ci ildə Aşqabad Kino Texnikumunu bitirib.

Kinoda operator şagirdindən tutmuş xronikal filmlər üzrə I dərəcəli operator dərəcəsinədək yüksəlib. 1937-ci ildə Aşqabad kinostudiyasında operator işləyib. Müharibə illərində Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda fəaliyyət göstərib. 1950–1960-cı illərdə Bakı kinostudiyasında 12 sənədli film çəkib. 1960-cı ildən Mərkəzi Elmi-Kütləvi Filmlər Studiyasında ("Sentrnauçfilm") "Kino Səyahəti" almanaxının yaradıcılarındandır. Kinojurnallar üçün mindən çox süjet çəkib.

Türkmənistanın əməkdar incəsənət xadimi olan C.Məmmədov bir sıra mükafatlara layiq görülüb.

Qeyd edək ki, Cavanşir Məmmədov tamaşaçıların rəğbətini qazanmış “Xəzər neftçiləri haqqında dastan”, “Dənizi fəth edənlər”, “Xəzər dənizçiləri”, “416-cı”, “Təbiətin dostları”, “Keçmişin şahidləri”, “Azərbaycan mədəniyyətinin baharı”, “Azərbaycan elmi”, “Lənkəran”, “Lahıc dağlarında əks-səda” sənədli, “Görüş”, “Mahnı belə yaranır” bədii filmlərini və digər ekran əsərlərini çəkib.

Kino rejissoru, operator kimi populyarlıq qazanmış Cavanşir Məmmədov peşəsi ilə bağlı geniş fəaliyyət göstərib. O, respublikada xronika və sənədli filmlərin əsasını qoyub. Çəkdiyi müxtəlif filmlər mövzu, sənətkarlıq baxımından həmişə fərqlənib, milli koloriti, maraqlı detalların tətbiqi ilə diqqəti cəlb edib.

Xalq artisti Cavanşir Məmmədov 1997-ci ildə Bakıda vəfat edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər