Yazıçı ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb yaratmışdır. Onun əsərlərinin ilk əlyazmaları Azərbaycan dilində, lakin ərəb əlifbasındadır.
Ədəbi yaradıcılığa 1947-ci ildə «Azərbaycan» jurnalında dərc olunan «Yerin sirri» romanı ilə gələn Manaf Süleymanovun ən çox müraciət etdiyi mövzular fəhlə həyatı, qurub-yaradan əmək adamlarının ömür-günü idi.
«Dalğalar qoynunda», «Fırtına», «Zirvələr» romanlarının müəllifi kimi tanınan yazıçı dövri mətbuatda müxtəlif mövzulu məqalələri ilə də çıxış edirdi. Onun ilk yazıları «Fərəcoğlu» imzası ilə işıq üzü görüb.
Romanları, povestləri, ssenariləri, oçerk, hekayə, xatirə və tərcümələri müəllifin arxivdəki 2-ci elmi siyahısında rəsmiləşdirilmişdir.
Manaf Süleymanovun ən çox əks-səda doğuran əsəri onun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim...” adlı romanıdır. Sağlığında iki dəfə nəşr edilmiş bu kitab oxucular arasında böyük rəğbət qazanıb. Əsər 1984-cü ildə “Azərbaycan” jurnalında dərc edilib.
Manaf Süleymanov bu kitabı ilə o vaxt ən çox oxunan, sevilən yazıçılardan birinə çevrilib. Yeni nəşr 50 min tirajla çap edilsə də, kitab mağazalarında tapılmırdı. 1989-cu ildə görkəmli yazıçıya şöhrət qazandırmış “Eşitdiklərim, oxuduqlarım, gördüklərim...” kitabı 70 min tirajla yenidən çap edilib.
Unudulmaz yazıçı Manaf Süleymanov 2001-ci il sentyabrın 12-də Bakıda vəfat edib.
Hazırladı: Mina RƏŞİD