27.06.2025, 12:29
AZ EN
24.05.2023, 12:27 566

Xalq artisti Fuad Poladovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün görkəmli aktyor, Xalq artisti Fuad Ağarəhim oğlu Poladovun doğum günüdür. O, 1948-ci il mayın 24-də Bakıda anadan olub. 132 nömrəli tam orta məktəbi bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967-1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.

Lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı Fuad Poladovun səhnədə yaratdığı bütün obrazların taleyi ifa baxımından uğurlu olub. Aktyorun yüksək sənətkarlıqla oynadığı Rəhman, Valeh, Qədim, Mübarək, Həsənzadə, Səltənə ("Mahnı dağlarda qaldı", "Qəribə oğlan", "Büllur sarayda" və "Şeyx Xiyabani", İlyas Əfəndiyev), Cığatay ("Yağışdan sonra", Bəxtiyar Vahabzadə), Fərhad ("Məhəbbət əfsanəsi", Nazim Hikmət), Şahbaz bəy ("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Şöklü Məlik ("Torpağa sancılan qılınc", Nəbi Xəzri), Zaur ("Təhminə və Zaur", Anar), Baron ("Həyatın dibində", Maksim Qorki) rolları yüksək bədii dəyərli səhnə surətləridir.

Teatrın dəvəti ilə Fuad Poladov 29 mart 2002-ci ildə Akademik Milli Dram Teatrında Uilyam Şekspirin eyniadlı faciəsində Hamlet rolunu uğurla oynayıb. Fuad Poladov səhnədə düşünməyi, düşüncələrini fəlsəfi dəyərlərlə çatdırmağı, ən adi obraza da psixoloji ahəng verməyi bacarıb. Fuad Poladovun səhnə plastikası ifa etdiyi obrazın psixoloji və emosional duyğularına uyğun şəkildə dəyişib. Bu yaradıcılıq xüsusiyyətləri hər dəfə yeni ölçü-biçidə və orijinal təqdimdə tamaşaçılara çatdırılıb.

Fuad Poladov obraza ictimai dəyər gətirməyi, ona psixoloji-sosial mahiyyət aşılamağı sevən və bunu yüksək peşəkarlıqla öz oyununda realizə edən aktyor olub.

Azərbaycan teatr sənətinin inkişafına verdiyi töhfələrə görə Fuad Poladov 1987-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb.

Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən böyük aktyor 2018-ci il mayın 4-də vəfat edib. Fuad Poladov ecazkar səsi və sənəti ilə həmişə yaşayacaq!

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər