Doğulduqları Çaylı kəndindən qaçqın düşəndən bəri bir an belə o doğma yurdu unutmayan və ömürlərini orda yaşadıqları xoş xatirələrin istisinə bürünərək sürürlər. Sinəsi söz, bayatı boxçalı Tamara nənə Vətənə olan bağlılığını və həsrətini bu bayatılarla dilə gətirir:
Qafanın sonu dağlar,
Tutub qar, donur, dağlar,
Nə gedən var, nə gələn,
Kimdən soruşum səni, dağlar.
Gəzdim ovçu kimi hər oylağında,
Çəmənli-çiçəkli göy yaylağında,
Oturub məclis qururduq buz bulağında,
Sevinclə danışıb gülürdük, dağlar.
Tamara nənə onu da bildirir ki, insan torpaqda çalışmalıdır, əkib-becərməlidir, torpaqda iş insanın ömrünü uzadır. Tamara nənə bir də onu tövsiyə edir ki, insanlar bir-biri ilə mehriban olsunlar, əliaçıq, səxavətli, mərd olsunlar. Belə olan da həm ailədə, həm də ətrafda hörmətli olursan. Xeyir-bərəkət, böyüyə-kiçiyə hörmət olan yerdə ruzi də bol olur, hər şey də.
Bayram günləri bir süfrə başına yığışan ailə üzvləri çərşənbələri, baharın gəlişini xüsusi olaraq qeyd edirlər.
Əhmədxan baba deyir ki, Novruz bayramını təmtəraqla qarşılayırdıq, bunun üçün biz gedib dükandan heç nə almırdıq. Mal-heyvan, toyuq-cücə saxlayırdıq, bayramlarda da kəsirdik, tərəvəz əkirdik, bağ-bağcamız bol meyvəli olardı. Kəndimizdən dörd çay axardı, buz bulaqlarımız vardı ki, bir qurtumu can dərmanı idi və əlavə edir ki, İlaxır çərşənbə və Novruz bayramında cavanlar kəndimizin dördbir yanında tonqal qalayırdılar, onlar gecə səhərə kimi yatmır, şənlənirdilər. Hər bir ailədə milli adət-ənənələrimizə uyğun yeməklər hazırlanır, xonçalar bəzənir, ellliklə bayramı qarşılayırdıq. Gözəl günlər idi... Allah erməni kimi düşmənimizə lənət eləsin. Bizi yerimizdən-yurdumuzdan elədilər.
Ömürlərinin çoxunu yurd həsrətiylə keçirən Əhmədovlar ailəsinin bir istəyi var, o da doğma ata-baba torpağına yenidən qayıdacağı günü görmək.
Yenə Tamara nənənin sinəsi Vətən həsrətiylə alovlanır:
Hay-küy gəlmir dərələrdən,
Sürü aşmır bərələrdən,
Ovçu yenmir gədiklərdən,
Qalıbdı xaraba, dağlar.
Tahirə AĞAMİRZƏ