-Ata nənəsinin adını daşıyır anam Pəri!
Mən onu tanıyanda uzun qap-qara saçlarını şümal əlləri ilə darayar, tumarlayar və bir tək hörük hörüb kürəyinə atardı... Bu zaman gələcəyə dikilən qara gözləri məsumluq, ümidlə parıldayardı...
Mən onu tanıyanda üzü günəş kimi ləkəsiz və işıqlıylı...
Mən onu tanıyanda gülüşü şəlaləyə bənzəyərdi...
Mən onu tanıyanda əlləri tuppuş və hamardı...
Mən onu tanıyanda yerişi dikdi...
Mən onu tanıyanda gənc idi və gəncliyin bütün qüdrətinə sahibdi...
Sonra o mənə həyatın yaxşı tərəflərini, mən ona onun görmədiyi pis tərəfləri öyrətməyə başladım. Onda artıq böyümüşdüm. Artıq məni həyətimizdəki otların üzərinə sərdiyi cehizlik xalçasına düzdüyü döşəkçələrin üstünə yatırıb saçlarıma balaca dörd ləçəkli gülləri düzdüyü günlər arxada qalmışdı. Hər kəsi, hər şey gözəl görən və bizə gözəl anladan anamdan fərqli olaraq ətrafdakı pislikləri də görə bilirdim. Anam onlara bulaşmaq istəmir, gen durmağa çalışır, mənsə üzərinə gedirdim! Özünü bilməz yekəxanaların cavabını necə vermək lazım olduğunu anama mən öyrədirdim, anam unudurdu! Anama onu incidəni necə incitmək lazım olduğunu, bağırana necə bağırmaq lazım olduğunu mən öyrədirdim, anam unudurdu. Anama kini, qəzəbi, nifrəti öyrədə bilmədim! Hamını sevdi - dostunu da, düşmənini də! Haqsız insanlarla qarşılaşdı, haqsız işlərində haqlı tərəf axtarıb tapmağa çalışdı. İnsanlar dünyaları yedilər, geydilər, doymadılar, anam ağzındakı, əynindəki ilə kifayətləndi. Bir kərə-bircə kərə şikayətlənmədi! Ata, ana, bacı - qardaş ürəyi idi - qardaş və bacı balaları ürəyindən keçən damarlar. Bizdən çox sevdi onları. Onlara bir şey olanda ürəyindəki o damarların qısıldığını, sıxıldığını hiss etmək çətin deyildi!
Anam dərdini, qəmli sirrini tək daşıdı, anasına, bacılarına bir damlasını qıymadı, vermədi!
Ürəyindən sevgisini qopardılar, dinmədi, boynundan qızılın qopardılar dinmədi. Hey gülümsündü - dünyadakı pisliklərə qarşı hey gülümsündü.
Bu mənim anamdı! Bəlkə yaxşı tanıda bilmədim. O zaman belə edim - bu yazını oxuyan Adam, öz ananı xatırla, Ananın Ana kimi ən yaxşı xasiyyətini xatırla, mənim anamı görəcəksən!
Mənim anam bütün Anaların ən yaxşı tərəfidi!
Mənim Anam hamıya Ana ola biləcək Anadır!
Mənim Anamın ən böyük özəlliyi o sözün əsl mənasında bir Şəhid, bir Qazi böyütməkdi.
Ən böyük dözümlülüyü isə mənim kimi cadı bir qıza sahib olmaqdı!
Tam fərqli xarakterlərdə olsaq da nə yaxşı ki məhz beləsən, Anam!
Bütün Şəhid anaları kimi mənim anam da məğrurdu, torpağına, elinə, dövlətinə, millətinə vurğundu!..
Hazırladı: Tahirə AĞAMİRZƏ