Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin daxil olduğu təşkilatdır. Kollegiya Azərbaycan SSR-nin 1980-ci il 13 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” ilə fəaliyyət göstərmiş Vəkillər Kollegiyasının hüquqi varisidir. 2004-cü il noyabrın 3-4-də Bakı şəhərində təsis yığıncağı keçirilərək Azərbaycan Respublikasının yeni Vəkillər Kollegiyası yaradılıb.
Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının nizamnaməsi ilə müəyyən edilir.
Bu gün vəkillərin peşə bayramı ilə əlaqədar Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Vəkillər kollegiyasına üzv olan vəkillər tərəfindən saat 11:00-dan 16:00-dək “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ofisində şəhid ailələri və qazilərə ödənişsiz hüquqi yardım göstəriləcək.
Qeyd edilən tədbirlərdə iştirak etmək arzusunda olan şəhid ailələri və qazilər “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ofisinə yaxınlaşa bilərlər.
ÜNVAN: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi-75 (Yasamal ATS-nin binası)
Mina RƏŞİD