Bu sözləri Siyəzən şəhər sakini Qələmşah Babayev deyib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Siyəzən rayon təşkilatının sədri vəzifəsində çalışan Q.Babayev Heydər Əliyevlə görüşlərin onun yaddaşında silinməz iz buraxdığını qeyd edib: “Dahi rəhbər və lider kimi fenomen şəxsiyyət olan Ulu Öndər insanlara daim qayğı ilə yanaşardı. O, hamımızın qəlbində müsbət, insani keyfiyyətləri ilə yadda qalıb. Dahi liderlə bir neçə dəfə görüşmək şərəfinə nail olmuşam. Onu ilk dəfə Bakı Ali Partiya Məktəbində təhsil aldığım vaxt görmüşəm. Bugünkü kimi yadımdadır. O vaxt Ulu Öndərimiz Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinın birinci katibi vəzifəsində çalışırdı. O, bizim idealımız idi. Hamımız ona bənzəməyə can atırdıq”.
Ulu Öndərlə növbəti dəfə 1975-ci ildə qarşılaşdığını söyləyən Q.Babayev həmin vaxt Siyəzən rayonunda tərəvəz məhsulları yığımı üzrə qərargahın rəisi işləyib. Bakı şəhərində Heydər Əliyevin sədrliyi ilə keçirilən respublika müşavirəsinə qatıldığını xatırlayan Q.Babayev deyib: “Həmin müşavirdə yüzlərlə insan iştirak edirdi. Çıxış etmək istədiyimi bildirdim və dərhal icazə verdi. Rayonda tərəvəz yığımında qarşılaşdığımız çətinliklərlə bağlı məlumatı çatdırdım. Diqqətlə dinlədi. Sonra səsləndirdiyim çətinliklərin aradan qaldırılması ilə bağlı ətraflı danışdı və müvafiq tapşırıqlar verdi. O, heç bir kəsi diqqətdən kənar qoymazdı. Heydər Əliyev hələ sovet dövründə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq olmuşdu. Azərbaycanın bütün şəhər və rayonları kimi, Siyəzən də o zaman böyük inkişaf yolu keçmişdi. Məhz həmin dövrdə Siyəzənin Azərbaycanın sənaye istehsalında payı artmağa başlamışdı”.
Qələmşah Babayev bildirib ki, Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz xəzinədir.
“Heydər Əliyev haqqında həm güclü siyasi iradəyə malik lider kimi, həm də yüksək insani keyfiyyətləri haqqında saatlarla danışmaq olar. Bugünkü dövlət qulluqçuları Ümummilli Liderin həyatını özlərinə nümunə götürməli, ondan bəhrələnməlidirlər. Belə dahi şəxsiyyətlər yüz ildə bir yetişir. Heydər Əliyevin özündən sonra miras qoyub getdiyi siyasi kurs ölkəmizin hərtərəfli inkişafına zəmin yaradır. Bu gün biz qalib xalqın nümayəndələri kimi, qürurla danışırıq. Vətən müharibəsində qazanılan şanlı Qələbənin əsası da məhz Heydər Əliyev tərəfindən qoyulmuşdu. Dahi lider danışıqlarda heç vaxt güzəştə getməyərək, Qarabağın tarixi Azərbaycan torpağı olduğunu bütün dünyaya bəyan etdi. Onun siyasi varisi İlham Əliyev isə Müzəffər Ali Baş Komandan kimi tarixə düşdü. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan Öndər kimi daim yaşayacaq”, - deyə Q.Babayev söyləyib. (AZƏRTAC)