10.03.2026, 13:26
AZ EN
10.03.2026, 11:35 31

“Qarabağ” qəzetinin baş redaktoru vəfat edib

XƏBƏRLƏR
  • Azərbaycan mətbuatına ağır itki üz verib. “Qarabağ” qəzetinin baş redaktoru Çingiz Tofiq oğlu İsmayılov vəfat edib.

O, 1954-cü ildə Ağdam şəhərində anadan olmuş, burada orta təhsil almış, sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Ali təhsilli gənc mütəxəssis kimi bir müddət Qarabağın dağlıq hissəsində, azərbaycanlıların yaşadığı kəndlərdə müəllimlik etmişdir. Savadı və işgüzarlığı sayəsində irəli çəkilmiş, dövrün dövlət idarəçiliyi sahəsində məsul vəzifəyə təyin olunmuş, həmin ərazidə azərbaycanlıların mənafeyinin qorunmasında cəsarətlə çalışmışdır. Erməni separatizmi ilə əlaqədar yaranmış məlum hadisələrdən sonra Xankəndidə işdən çıxmış, bir müddət AZƏRTAC-ın Qarabağ üzrə bölgə müxbiri olmuş, baş verən hadisələrin episentrindən xəbərlər vermiş, azərbaycanlı əhalinin üzləşdiyi faciələr haqqında məqalələr yazmışdır. 1990-cı ilin yayında yeni təsis edilən "Qarabağ" qəzetinə baş redaktor təyin edilmişdir.

“Qarabağ” qəzetinin fəaliyyəti üçün fədakarlıqla çalışan Çingiz İsmayılovun ömür yolu Azərbaycan jurnalistikasının şərəfli bir dövrünü əhatə edir. O, rəhbərlik etdiyi qəzetin adını sadəcə bir başlıq deyil, bir amal kimi yaşatmış, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, milli ruhun qorunmasında böyük əzm nümayiş etdirmişdir.

Həmkarlarının yaddaşında xeyirxah bir insan, prinsipial redaktor və gənc jurnalistlərin qayğıkeş müəllimi kimi qalan Çingiz müəllim, həm də səmimi bir dost və dəyərli ziyalı idi.

Bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər