Bu fikirləri açıqlamasında Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri dosent Elnur Mustafayev söyləyib.
“Çuxurlu məhəllə məscidinin daş kitabəsi vandalizmə məruz qalsa da, xoşbəxtlikdən öz mövcudluğunu qoruyub saxlayıb. Məscidin əsas fasadında yerləşən həmin kitabəni oxuduqdan sonra məlum oldu ki, bu epiqrafik abidə ərəb-fars dillərində nəstəliq xətti ilə həkk olunmuş informativ məlumatlardan ibarətdir.
Kitabədə məscidin inşa və təmirində iştirak etmiş iki xanımın - Mehrinisa bəyim Şirxan qızının və Tuba bəyim İbrəxan qızının adları qeyd edilib”, - deyə o bildirib.
Alim qeyd edib ki, tarixi qaynaqlarda bu məscid iki adla - "Çuxurlu" və ya "Qadınlar" məscidi adları ilə xatırlanır: “Birinci ad yerləşdiyi məhəllənin adına görə, ikinci ad isə məscidin inşa və təmirində qadınların iştirakına görədir. Abidənin hazırkı vəziyyəti erməni vəhşiliyini sübut etmək üçün mühüm faktlardan biridir. Dini abidənin bu hala salınması düşmənin vəhşiliyindən xəbər verir”.
E.Mustafayev hesab edir ki, bu cür faktların toplanıb xarici dillərdə beynəlxalq ictimaiyyətə çatdırılması informasiya müharibəsi çərçivəsində mühüm əhəmiyyət kəsb edir. (AZƏRTAC)