Vətən müharibəsində Bərdə rayonu da Ermənistan silahlı qüvvələrinin raket və artilleriya atəşinə məruz qalıb. 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub. Beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 5 dinc sakin həlak olub, 14 mülki şəxs yaralanıb.
Ümumilikdə isə 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində Bərdə rayonunda törədilən terror aktları nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb. Evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində döyüş meydanında aciz qalan təcavüzkar erməni silahlı birləşmələrinin beynəlxalq qanunvericiliyin, “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq dinc əhalini böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı ballistik və kaset tipli raketlərlə atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 11 azyaşlı və 27 qadın qətlə yetirilib, 454 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. (AZƏRTAC)