"Vətən səsi" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, həmin güzəştlərə malik şəxslər ildə bir dəfədən çox olmamaqla sanatoriya-kurort putyovkaları (yollayışları) ilə növbəlilik əsasında təmin olunurlar. Putyovkalar tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində, gediş-gəliş xərcləri daxil olmaqla verilir.
İşləyənlər şəxslər göndərişləri Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 135-ci bəndinə uyğun olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən işəgötürənlərə təqdim olunan putyovkalarla (yollayışlarla) iş yerindən, işləməyənlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən təmin olunur. Sanatoriya-kurort putyovkası (yollayışı) almaq hüququ olan şəxslər ərizələrini və sanatoriya-kurort kartasını aidiyyəti üzrə sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduqları quruma təqdim edirlər. Ərizə və sanatoriya-kurort kartası təqdim edildikdən sonra sanatoriya-kurort putyovkası (yollayışı) almaq hüququ olan və işləməyən şəxs bir iş günü müddətində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sanatoriya-kurort" altsistemində növbəyə götürülür və bu barədə şəxsin, uşaqlara münasibətdə isə müşayiətçinin əlaqə vasitələrindən birinə iki iş günü müddətində qısa məlumat göndərilir.
Xatırladaq ki, sanatoriya-kurort müalicəsi ilə bağlı güzəştlər İkinci Dünya müharibəsi iştirakçılarına, şəhid ailələrinə, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarına, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş şəxslərə, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlara, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara şamil edilir.
Elxan SALAHOV