Qoşa minarəli bu məscidinlə
Səni bütün dünya tanıyır, Ağdam!
İllərdi duamız ucaldı göyə,
Daha bizi heç kim qınamır, Ağdam!
Bu gün hamımızın günüdü, bu gün biz ağdamlıların bir az da kövrək günüdü. Biz orda ata-anamızı itirdik, qardaşımızdan, yoldaşımızdan ayrı düşdük, balamızı şəhid verdik, hələ üstəlik ən ağır dərd olan doğma torpağımızdan, elimizdən, evimizdən olduq... Bu gün həm də, onların günüdü, qələmini silaha çevirənlərin. İllərlə “Ağdam” deyəndə ürəyi quş kimi çırpınan, məni bütün yaralarımla həmişə bağrına basan, istedadlı yazıçımız Sevinc Nuruqızının... Və adı Ağdamla qoşa çəkilən, Ağdama ən gözəl şeir həsr edən, sözü kəsərli, yazıları dəyərli, hamımızın sevimlisi, şair Qulu Ağsəsin günüdü...
Hər iki qələm adamı Zəfərimizin beşinci ildönümü – Ağdamın azadlığı, dirçəlişi ilə bağlı öz ürək sözlərini “Vətən səsi” ilə bölüşüblər. Onların söylədiklərini və bənzərsiz şeirlərini olduğu kimi Sizə təqdim edirəm...
Sevinc Nuruqızı
Qış gəlibdır, qapıdadır,
Qar yağmağa dam gəzəcək.
Qar üstündə iz qoymağa
Bir əziz adam gəzəcək...
Ay bu yurdu viran edən
Qış ahı yaman olur, ha...
Daş qoymadın daş üstündə,
Ağdamı daşdan elədin...
Bir yurdu daş-daş çevirdin,
Bir eli başdan elədin...
Daşlara, “daş”, deyib keçmə,
Daş ahı yaman olur, ha!
Quşlar süzür başı üstə,
Ağac yox ki, qursun yuva...
Ağdama yağışlar yağır,
Qan izini yuyur hava...
Sənə bir söz pıçıldayım:
Quş ahı yaman olur, ha!
Bu gün mələklər ordadı,
Bu dünyanın ağ yerində.
Daşın-divarın yıxılı,
Ruhların oyaq yerində.
Daş-daş qaldırın oxuyun
Daş-daş darayın şəhəri.
Xarabalar arasında
Gedin arayın şəhəri.
Səni bağrıma basıram, əziz şəhərim...
Bu gün Ağdam günüdür mənim üçün. Yeni dünyaya gəlmiş, alovların içindən bir ovuc külü çıxmış Ağdamımın günü. Küllərindən doğulmuş Ağdam günü. Müqəddəs ocaq deyilmi?! Pir, övliya, ziyarətgah, and-aman yeri deyilmi?! Ağ damlarının yerlə-yeksan olduğu vaxt da diriydi Ağdam. Düşmən onu öldürə bilməmişdi. Cismin tərk etdiyi, ruhların isə əbədi məkanı idi Ağdam. İllərlə qəlbimi yandıran arzuya toxunduğum gündür bu gün. İllərlə nazilən həsrətin qırılan günüdür. Azərbaycan ordusunun azadlıq yürüşünün təntənəsini yaşayırıq bu gün. Əsgərin, genaralın, Ali baş komandanın, xalqın birlikdə əldə etdiyi qələbənin bəhrəsidir bugünkü tikilən, yenidən qurulan Ağdam. Yeni nəfəs, yeni həyat qazanan şəhər. Səni bağrıma basıram, əziz şəhərim. Ağrıyan canın, hələ qaysaq bağlamamış yaralarınla birlikdə… Əsgərin, genaralın, Ali baş komandanın, xalqın birlikdə əldə etdiyi qələbənin bəhrəsidir bugünkü tikilən, yenidən qurulan Ağdam. Ahı ərşə dirək olmuş, qışın, torpağın, daşın ilə birlikdə. Həmişə var ol, əziz şəhərim! Ağappaq damlarının işığında güzgülənək...
Qulu Ağsəs
Qarabağda bu gün ağlasığmaz işlər görülür
Zəfərimizin 5 yaşı tamam olur. Əlbəttə, Qarabağ müharibəsi özümüz də bilmədən, istəmədən tarixi iki yerə böldü. Onun biri Qarabağın işğalı dövrüdü, bu qara bir tarixdi. İkinci tarix bizim Zəfər tariximizdi, 30 il bir igidin ömrüdü. Biz bu əziyyəti yaşadıq. Amma çox xoşbəxtik ki, Allah-təala bizə ikinci tarixi də yaşatdı - Zəfər tarixini. Mən bir şeyi xüsusilə vurğulamaq istəyirəm. Bilirsiniz ki, Adəm peyğəmbər Allahın buyurduğu qaydanı pozduğuna görə cənnətdən qovuldu və bir daha ora qayıtmadı. Qarabağ da bir cənnətdi, ordan da əhali qovuldu və 30 il sonra ora qaytarıldı. Bu onu göstərir ki, bizi Qarabağdan tanrı yox, şeytan qovmuşdu, bu bir şeytan əməli idi. Bu da nadir hadisələrdəndi ki, insan qovulduğu cənnətə qayıtdı. Qələbəni, Zəfəri mən belə ifadə etmək istəyirəm.
Qarabağda bu gün ağlasığmaz işlər görülür. Ağlasığmaz dərəcədə, böyük miqyasda inkişaf var bu torpaqlarda. Bunu hətta düşmən tərəf də təəccüblə etiraf edir. Deyir ki, biz 30 il ərzində heç nə eləməmişdik, amma Azərbaycan dövləti durmadan böyük quruculuq işləri aparır. Bu da məntiqlə doğrudu, təbiidi. Onlar özünün olmayan torpağı, kəndi, şəhəri dağıdıblar. Amma bu torpaqlarda nəinki kənd, nəinki qəsəbə, hər ağac da, quş da hamısı bizimdi, özümüzündü, doğmamızdı, əzizimizdi. Bu 30 ilin heyifi kimi indi burada görülən işlər, quruculuq elə bir vüsət alıb ki, bütün dünyanı heyrətləndirir.
Ağdam şeiri də bir günün, bir anın içində yaranmamışdı. Ağam!... Adam!... Ağdam! torpağımız işğaldan azad olan kimi mən onu sadəcə qələmə aldım...
AĞAM!.. ADAM!.. AĞDAM!..
“Sən öl”ü, “sağ ol”u bəlli,
yaranandan üzü bəri
yasında Yasin oxunan,
toyunda tüfəng atılan –
şəhərim!
Dünyanı bazara çıxaran,
dünya bazarında satılan –
şəhərim!
Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən,
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı atların vətəni,
seyid cəddinə içilən andların vətəni!
Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid oldun…
Ağam şəhərim!
Adam şəhərim!
Ağdam şəhərim!
Şükür külünə,
şükür qayıdış gününə!
Sevincdən ağlımız çaşıb,
yüz min dəliynən gəlirik.
Bir “Uzundərə” havası çal,
çıx Bərdə yoluna –
Uzundərəynən gəlirik!..
Hazırladı: Mina RƏŞİD