17.12.2025, 01:38
AZ EN
13.11.2025, 17:53 236

Gözüm hələ də o yoldadır...

XƏBƏRLƏR
  • İspəndiyar Məmmədov Qərbi Azərbaycanın Vedibasar mahalının Şirazlı kəndində doğulub. O, öz dövrünün sayılıb-seçilən adamlarından olan Hüseyn bəyin nəslindəndi. İspəndiyar kişinin 73 yaşı var, ömrünün 36 ilini doğma Şirazlı kəndində yaşayıb. İndi o, 80-ci illərin sonlarında ermənilərin ətrafa millətçilik toxumu səpdiyi vaxtlarda Qərbi Azərbaycandan, öz ata-baba yurdundan didərgin düşmüş on minlərlə azərbaycanlıdan biridir.

İspəndiyar kişi bu günlərdə İTV-nin Yekun proqramına müsahibəsində deyir ki, o vaxt kəndlərinə hücum edənlərin yetmiş faizi saqqallılar idi, onların başında polis dururdu. Polis evləri bir-bir onlara nişan verirdi və seçirdi. Saqqallılar hətta məscidlərimizə də hücum edirdilər.

İspəndiyar kişi ömrünün 36 ilini yaşadığı kənddən yadigar qalan şəkilləri qarşısına töküb onlara dönə-dönə elə baxır ki, sanki o illərə yenidən qayıdır. Deyir ki, Şirazlı rayonun mərkəzində idi, dağın ətəyində yerləşirdi. Bizim iki hektar üzüm bağımız vardı, alma bağımız, dumanlı yaylağımız vardı. Adına “Dumanlı dağ” deyirdilər, yağışdan əvvəl dağın başını duman-çən bürüyürdü. El arasında deyirdilər ki, Vedibasar bir üzükdü, Göyçə onun qaşıdı, onları bir-birindən ayırmaq olmaz...

Ermənistandan azərbaycanlıların köçürülməsi ötən əsrin əvvəllərindən, sovet hökumətinin qərarları ilə aparılıb. Bunun əvəzinə xaricdəki ermənilər Ermənistana yerləşdirilib. İspəndiyar kişi deyir ki, ilk dəfə kəndimizə 1920-ci ildə erməni ailələrini gətirdilər. Sonra 1948-ci ildə İran, Türkiyə və Suriyadan erməniləri məqsədli şəkildə doğma torpağımıza yerləşdirdilər. Bununla yanaşı, həm də yer adlarımız  dəyişdirilməyə başlandı. O vaxt SSRİ-də toponimlərin standartlaşdırılması siyasəti aparılırdı. Ermənistanda da türk mənşəli adların əksəriyyəti dəyişdirildi. 1968-ci ildə Vedibasar rayonunun adını dəyişdirib Ararat qoydular. Vannan gələn erməni çox idi, buna görə də həmin yerin adını Vaneşen qoydular. Şiraz Ermənistanın Daşnak partiyasının şairinin adı olduğu üçün kəndimizin adını dəyişmədilər...      

İspəndiyar kişi ömrünün bu çağında deyir ki, hələ də gözüm o yoldadır. Ümid edirəm ki, qayıdacam, ayağıyalın gedəcəm, ora mənim ocağım, doğulduğum yerdi. Orda bizim ulularımızın, seyidlərimizin, nənə-babalarımızın məzarları var...

30 ildən çox həsrətə baxmayaraq Qərbi azərbaycanlılar doğma torpaqlarına qayıdacaqları günü gözləyirlər. Onlar bu ümidi itirməyiblər. Çünki onların arxasında dağ kimi sözübütöv Prezidentləri dayanıb. Ali Baş Komandanımızın dediyi kimi, biz doğma yurdumuza, evimizə tanklarla yox, avtomobillərlə gedəcəyik!

Mina RƏŞİD

Oxşar xəbərlər