Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində şəhidimizə həsr edilmiş kitabın özbək dilində nəşrinin təqdimatı da əlamətdar bir hadisədir. Tədbirdə əvvəlcə Azərbaycanın himni səsləndirilib, sonra isə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimatda şəhidin anası Yasəmin Camalova, bacısı Vahida Nəcəfova, Özbəkistanın elmi və mədəni ictimaiyyətinin nümayəndələri, Daşkənd universitetlərinin professor-müəllim heyəti, tələbələr və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Özbəkistanın “Yoshlar matbuoti” nəşriyyatında Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə özbək dilinə tərcümə edilərək çap olunan kitab Azərbaycan ədəbiyyatının təbliği, həmçinin Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın xatirəsinə ehtiram olaraq keçirilən layihələr silsiləsinə daxildir.
Təqdimatın moderatoru, Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetinin professoru, “Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov bildirib ki, belə nəşrlərin iki qardaş xalq arasında mədəni və mənəvi əlaqələrin möhkəmlənməsində böyük rolu var.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli “Şuşada bitən yuxu” kitabını xalqımızın poetik salnaməsi adlandırıb. Qeyd edib ki, əsərdə həm itkilərin ağrısı, həm də Şuşanın azad olunması ilə gələn böyük Zəfərin sevinci, qüruru öz əksini tapıb. Bu obraz yalnız bir qəhrəmanın deyil, bütöv bir xalqın vətənpərvərliyini təcəssüm etdirir. Belə ədəbi layihələr Azərbaycan və Özbəkistan xalqları arasında mədəni inteqrasiyanın daha da dərinləşməsinə, ortaq türk köklərinə və mənəvi dəyərlərin birliyinə xidmət edir.
Şəhidin anası Yasəmin Camalova dərin kədər və qürurla oğlundan danışıb. Bildirib ki, Teymur Azərbaycanı həyatından çox sevirdi və qısa, lakin şərəfli bir ömür yaşadı...
Qeyd edək ki, Vətən müharibəsinin qəhrəman şəhidi Teymur Məcidzadə 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1993-cü ilin avqustunda Füzulinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Məcidzadələr ailəsi Bakı şəhərində məcburi köçkün kimi məskunlaşıblar. Teymur 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb.
Azərbaycan Ordusunun leytenantı Teymur Məcidzadə Vətən müharibəsində Cəbrayıl, Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşaraq şücaətlər göstərib. Teymur Məcidzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Qəhrəman şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Mina RƏŞİD