Bu gün Şanlı Vətən müharibəsinin qəhrəman şəhidi Mirkazım Firuz oğlu Kəlbəliyevin doğum günüdür. O, 5 noyabr 1992-ci ildə Sabunçu rayonunda anadan olub. Bakı şəhər 172 saylı tam orta məktəbində orta təhsil alıb. Uşaqlıqdan ən böyük arzusu hərbçi olmaq olub. Ailəsinin sözlərinə görə, hətta arzusunun yerinə yetməsi üçün qurban da deyib. Mirkazım hərbi xidmətini şərəflə yerinə yetirib. Daha sonra müddətdən artıq hərbi qulluqçu kimi öz arzusuna çatıb. Ancaq ilk məvacibini almadan şəhadətə ucalıb...
Mirkazım müharibənin ən qızğın, həlledici anlarında döyüşlərdə mərdliklə vuruşaraq şücaətlər göstərdi. Elə döyüşlərin ən çətin, həlledici anlarında - sentyabr ayının 27-də qəhrəmancasına şəhadətə ucaldı.
Şəhidimiz Müşfiqabad qəsəbəsinin Şəhidlər xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Şəhidimiz ailəli idi, onun iki qız övladı Vətənə yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Mirkazım Kəlbəliyev ölümündən sonra "Vətən uğrunda", “Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD