Bu barədə Qarabağ Universitetinin Mətbuat xidmətinin məlumatında bildirilib.
Görüşdə universitetin Pedaqoji fakültəsinin professor–müəllim heyəti və tələbələri iştirak ediblər.
Qonaqlar tarixi Zəfərin qazanıldığı doğma Qarabağ torpaqlarında fəaliyyət göstərən Qarabağ Universitetinin milli ruhun, elmin və təhsilin qovuşduğu mühüm bir mərkəz kimi əhəmiyyətindən danışıblar. Onlar bu torpaqlarda təhsil almağın və çalışmağın qüruru, mənəvi dəyəri və məsuliyyəti barədə fikirlərini bölüşüblər.
Alimlər Azərbaycan elminin keçdiyi inkişaf mərhələlərinə nəzər salaraq, görkəmli elm xadimlərinin milli düşüncənin formalaşmasında və intellektual irsin qorunmasında oynadığı mühüm rolu vurğulayıblar. Görüşdə, həmçinin Azərbaycan dilinin qorunması və zənginləşdirilməsindən, ədəbiyyatın xalqın milli kimliyinin ifadəsi kimi rolundan bəhs edilib. Qonaq alimlər öz həyat və yaradıcılıq yollarından danışaraq, əldə etdikləri təcrübə və dəyərlər əsasında tələbələrə müvafiq tövsiyələrini veriblər.
Bununla yanaşı, müəllimlik peşəsinin cəmiyyətin mənəvi və intellektual inkişafında əvəzsiz rolunu diqqətə çatdıraraq, alimlər müəllimlik ixtisaslarında təhsil alan tələbələrə bu peşənin ali mahiyyətini və dərin mənəvi məsuliyyətini dərk etməyə, müəllim adını hər zaman uca tutmağa çağırıblar.
Tələbələr görüş zamanı alimlərə müxtəlif suallar ünvanlayıb və müvafiq mövzularda fikir mübadiləsi aparıblar.
Səmimi və interaktiv mühitdə keçən görüş iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tahirə AĞAMİRZƏ