26.09.2025, 04:14
AZ EN
24.09.2025, 14:30 217

Kamal Abdullayev: Qarabağda yenidən canlanan həyat birlik, həmrəylik və qarşılıqlı hörmət üzərində qurulur

XƏBƏRLƏR
  • 44 günlük Vətən müharibəsində təkcə hərbi deyil, həm də mənəvi Zəfər qazanıldı. Bu müharibə göstərdi ki, xalqın gücü yalnız silahda deyil, onun qəlbində, iradəsində və birliyindədir. Azərbaycan cəmiyyətinin bütün təbəqələri, müxtəlif xalqlar, dini icmalar, ziyalılar, gənclər – hamı bir amal – Qarabağın azadlığı uğrunda birləşdi. Azərbaycan həmişə fərqliliklərin harmoniyasını özündə yaşadan bir ölkə olub. Bizim multikultural ənənələrimiz, tolerantlıq mühitimiz əsrlərin sınağından keçib. Vətən müharibəsi bu dəyərləri yeni müstəviyə çıxardı. Göstərdi ki, müxtəlifliyin içindəki birlik, mədəniyyətlərin və dinlərin vəhdəti, əslində, milli gücün və qələbənin təməlidir.

Bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri akademik Kamal Abdullayev “Qarabağın azadlığı və dirçəlişində ictimai həmrəyliyin rolu” mövzusunda keçirilən dəyirmi masada bildirib.

O deyib ki, bu gün Qarabağın dirçəlişi artıq yeni bir mərhələdir. “Biz orada şəhərlər tikirik, yollar salırıq, kəndləri bərpa edirik. Amma bunlar yalnız daşdan və betondan ibarət quruculuq deyil. Ən böyük dirçəliş insan qəlbində baş verən dirçəlişdir. Qarabağda yenidən canlanan həyat həm də birlik, həmrəylik, qarşılıqlı hörmət və etimad üzərində qurulur”, - deyə K. Abdullayev diqqətə çatdırıb. (AZƏRTAC)

Oxşar xəbərlər