Görüşdə Qubadlı Rayon İcra hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, Şərqi Zəngəzur Regional Təhsil idarəsinin müdiri Fuad Bədəlov, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, RİH başçısının İnzibati Ərazi Dairəsi Üzrə nümayəndələri, rayon Təhsil sektorunun əməkdaşları, məktəb direktorları, tələbə adını qazanmış məzunlar və valideynlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri açıq elan edən Şərqi Zəngəzur Regional Təhsil idarəsinin müdiri Fuad Bədəlov məruzə ilə çıxış edib.
Sonra Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov tələbə adını qazanan gəncləri təbrik edib. Onlara gələcək həyatlarında uğurlar arzulayaraq qeyd edib ki, bu gün Azərbaycan Ümummilli Liderin yaratdığı fundamental təməl üzərində ucalır. Heydər Əliyev yolu Azərbaycan xalqının 30 illik torpaq həsrətinə son qoydu. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdılar.
Prezident İlham Əliyevin dünyaya təqdim etdiyi inkişaf modeli ölkəmizin dayanıqlı inkişafını təmin edir. Uğurlu gələcək üçün bilikli və bacarıqlı, hərtərəfli inkişaf edən gənc nəslin yetişməsində ümumtəhsil məktəblərinin böyük rolu vardır.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi təhsil hər bir xalqın gələcəyidir. Bu mənada elm, təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir. Ulu Öndər Heydər Əliyevin təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, təhsilin davamlı inkişafına yönələn əsaslı tədbirlər həyata keçirilir. Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə hər zaman təhsillə bağlı islahatlar aparılıb, müvafiq dövlət proqramları həyata keçirilib. Bu proqramlar əsasında məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, zəruri avadanlıqlarla təchiz olunması istiqamətində ciddi addımlar atılıb. Bu zamana qədər qəbul edilmiş təhsil proqramları məktəbəqədər təhsil, texniki peşə, orta ümumtəhsil və ali məktəblərin inkişafını nəzərdə tutan dövlət əhəmiyyətli fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Bu gün Qubadlı rayonunda da bu işlər uğurla davam etdirilir.
Bu il rayonumuzun F.Mehdiyev adına Qaralar kənd tam orta məktəbi, B.Hüseynov adına Dəmirçilər kənd tam orta məktəbi, İ.Qayıbov adına Saray kənd tam orta məktəbi, qəbul imtahanlarında 100% nəticə göstərmişlər. Belə ki, B.Hüseynov adına Dəmirçilər kənd tam orta məktəbini bitirən 8 məzundan hər biri, F.Mehdiyev adına Qaralar kənd orta məktəbində ali məktəblərə sənəd verən 34 məzun, İ.Qayıbov adına Saray kənd tam orta məktəbində ali məktəblərə sənəd verən 11 məzunun hər biri tələbə adını qazanmışdır. Cari ildə 788 məzundan 674 nəfəri sənəd vermiş, onlardan 482 nəfəri ali məktəblərə qəbul olmuşlar. Qəbul imtahanlarında iştirak edən 60 nəfər məzun 500-600 arası, 33 nəfər məzun isə 600-700 arası bal toplamışdır. Bu il rayonumuz üzrə qəbul faizi 71.51% təşkil edir. Rayon üzrə ən yüksək nəticəni isə Ə.Əliyev adına Qəzyan kənd tam orta məktəbinin məzunu İsgəndərova Şəbnəm Vüqar qızı göstərmiş, 662 bal toplayaraq uğur əldə etmişdir.
Bu il rayonumuz üzrə çox qürurverici haldır ki, məzunlarımızdan 5 nəfər Qarabağ Universitetinə yüksək balla qəbul olmuşdur.
Butün bunlar Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.
Daha sonra çıxış edən təhsil işçiləri, valideynlər və məzunlar gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda yüksək bal toplamış gənclərə RİH tərəfindən hədiyyələr təqdim olunub.
Bütün məzunlarımızı tələbə adını qazanması münasibətilə təbrik edirik, onlara gələcək həyatlarında uğurlar arzulayırıq!
Tahirə AĞAMİRZƏ