Rövşən xalqına, dövlətinə hüquq mühafizə orqanlarında çalısaraq xidmət etmək arzusunda idi. O, bunun üçün lazımi fiziki hazırlığa və biliyə malik idi. Amma Rövşən Vətən uğrunda savaşaraq şəhid, qəhrəman oldu...
Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Rövşən Kazım oğlu Hüseynovun doğum günüdü. O, 21 avqust 1995-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 2001-ci ildə Bakı şəhəri 115 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olsa da, təhsilini Bakı şəhəri 202 saylı tam orta məktəbdə davam etdirib və orada da bitirib. R.Hüseynov Rusiya Federasiyası Stavropol şəhərində yerləşən "Qafqaz Xalqlarının Dostluğu İnstitutu"nun "İqtisadiyyat" fakültəsində təhsil alıb. 2017-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yollanmış, ön xətdə düşmənlə üz-üzə, Murovdağ istiqamətində qulluq etmişdi. Xidməti dövründə komandanlıq tərəfindən mükafatlandırılıb. 2018-ci ilin oktyabrında həqiqi hərbi xidmətdən tərxis olunmuşdu.
Rövşən Hüseynov 2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsinə könüllü yollanmış və Füzuli rayonundan başlayan döyüş yolu Xocavənd və Cəbrayıl rayonlarında davam etmişdi.
Rövşən Hüseynov 23 oktyabr 2020-ci ildə Füzuli rayonunun Kürdlər kəndində gedən döyüşlər zamanı aldığı qəlpə yaralarından şəhadətə ucalıb.
Şəhidimiz 25 oktyabr 2020-ci ildə böyük izdiham və ehtiramla Binəqədi qəsəbəsi qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Hüseynov Rövşən Kazım oğlu ölümündən sonra "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının 28 fevral 2023-cü il tarixli 36 saylı Sərəncamına əsasən Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən küçəyə şəhid Rövşən Hüseynovun adı verilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD