Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Rəvan Asif oğlu Bünyadlının doğum günüdür. O, 5 avqust 2001-ci ildə Qax rayonunun Almalı kəndində anadan olub. Rəvan orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdı.
Azərbaycan Ordusunun əsgəri olan Rəvan Bünyadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Rəvan Bünyadlı sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı Milli qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postun yaxınlığında şəhadətə ucalıb.
Şəhidimiz böyük izdiham və ehtiramla doğma kəndlərində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafi sərəncamlarına əsasən Rəvan Bünyadlı ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Rəvan balamız!
Mina RƏŞİD