Tədbirdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix elmləri doktoru Cəbi Bəhramov, Qərbi Azərbaycan İcmasının tarix şöbəsinin böyük elmi işçisi Yaşar Bəhramov, Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev, Xoşqədəm Alıyeva, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, əslən Qərbi Azərbaycanlı sakinlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyası adlı videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev tədbir iştirakçılarını Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqovun adından salamlayıb və nəşrin ərsəyə gəlməsində əməyi olan hər kəsə və Qərbi Azərbaycan İcmasına təşəkkürünü bildirib. Daha sonra vurğulanıb ki, bu təqdimat təkcə bir nəşrin ictimaiyyətə tanıdılması deyil, həm də Azərbaycan xalqının zəngin tarixi yaddaşına, itirilməyə qoyulmayan irsinə, zorla qoparıldığı torpaqlarla bağlı haqq səsinin bir daha dünyaya çatdırılmasıdır.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva “Qərbi Azərbaycan İrsi” kitabı haqqında məruzə ilə çıxış edərək qeyd edib ki, “Qərbi Azərbaycan İrsi” kitabının nəşri və kitabda ortaya qoyulan ciddi araşdırmalar bir daha sübut edir ki, indiki Ermənistan ərazilərinin tarixi sakinləri azərbaycanlılardır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət sayəsində Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdacağı gün artıq uzaqda deyil.
“Qərbi Azərbaycan İrsi” kitabının 1-ci cildi haqqında Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix elmləri doktoru Cəbi Bəhramov, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Ağsaqqallar şurasının sədri Əvəz Həsənov, Tərəqqi medallı Əməkdar müəllim əslən Qərbi Azərbaycanlı Ədalət Əsədov, Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbin tarix müəllimi əslən Qərbi Azərbaycanlı Sevinc Allahverdiyeva çıxış edərək vurğulayıblar ki, indi Ermənistan adlandırılan ərazidən-Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetlərindəndir.
Qeyd olunub ki, Ermənistan hakimiyyəti uzun illər boyunca azərbaycanlıların tarixini, milli kimliyini, dini irsini hədəf alan sistemli şəkildə etnik təmizləmə və vandalizm siyasəti həyata keçirib. Orada yaşayan azərbaycanlılara məxsus yüzlərlə qəbiristanlıq, məscid, ziyarətgah və türbə ya tamamilə dağıdılıb, ya da izləri silinərək məqsədli şəkildə yox edilib.
Çıxışlar zamanı həmçinin belə fundamental tədqiqatların və topluların beynəlxalq ictimaiyyətə təqdim olunmasının zəruriliyi də qeyd edilib.
Bildirilib ki, bu nəşrlər təkcə tarixi ədalətin bərpasına deyil, həm də gələcək nəsillərin yaddaşında Qərbi Azərbaycanın zəngin irsini yaşatmağa xidmət edir, tarixi yaddaşın, milli kimliyin qorunmasında mühüm rol oynayır. Eyni zamanda bu kitab beynəlxalq hüquq qarşısında məsuliyyət daşımalı olan bir prosesin sənədləşdirilmiş sübutudur, tarixi ədalətin bərpasıdır. Kitabda təqdim olunan fotoşəkillər, xəritələr və arxiv materialları bu dağıntıların təsadüfi deyil, məqsədyönlü olduğunu bir daha nümayiş etdirir, ermənilər tərəfindən dağıdılmış məscidlərin, məktəblərin, qəbiristanlıqların və digər maddi-mədəni irs nümunələrinin sənədləşdirilmiş şəkildə gələcək nəsillərə ötürülən ən dəyərli məlumatı kimi.
Azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasına ilk hüquqi-siyasi qiymət verən Ümummilli Lider Heydər Əliyevin ideyalarını bu gün uğurla davam etdirən Azərbaycan Respublikasının Prezideni, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə görülən bütün bu işlər bizə deməyə imkan verir ki, bir gün təqvimimizdə Qərbi Azərbaycana qayıdış günü də qeyd olunacaq.
Tədbirin sonunda əməkdar müəllim Çingiz Salmanov və keçmiş mədəniyyət işçisi, yazıçı-publisist Eldar Xanlaroğlu öz kitablarını Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix elmləri doktoru Cəbi Bəhramova hədiyyə ediblər.
Tahirə AĞAMİRZƏ