28.06.2025, 15:52
AZ EN
03.06.2025, 17:40 142

Kəlbəcərli gənc ABŞ-da təhsil alacaq

XƏBƏRLƏR
  • Əslən Kəlbəcər rayonunun Başlıbel kəndindən olan Ayxan Kazımlı Amerikanın 4 universitetindən 100 faiz təqaüdlə oxumaq təklifi alıb. O, ABŞ-da ali təhsil almaq şansı qazanmış gənc və istedadlı tələbələrdən biridir. 

"Vətən səsi" xəbər verir ki, 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşmüş ailədə böyüyən Ayxan bu ildən Amerikada bakalavr üzrə təhsil alacaq. O bundan öncə 2 il müddətində Çində United World College Changshu kollecində tam təqaüdlü təhsil alıb.

"Çinə orta məktəbi bitirmək məqsədilə getmişdim. Daha sonra təhsil sahəmi kompüter elmləri üzrə seçdim. Düşündüm ki, bu sahə xüsusilə Amerikada daha çox inkişaf edib və orada təhsil almaq mənim üçün daha məqsədəuyğun olar. Əslində məzun olduqdan sonra müraciət etdiyim universitetlər arasında Çində olanlar da var idi. Lakin Çində artıq 2 il yaşamışdım və hesab etdim ki, daha uzun müddət orada qalmaq mənim üçün uyğun olmaz. Fikirləşdim ki, fərqli ölkələrə gedərək daha çox mədəniyyətlə tanış olmaq və təhsilimi beynəlxalq mühitdə davam etdirmək mənə daha geniş imkanlar qazandırar. Amerikaya qəbul xəbərini hələ ötən ilin dekabrında aldım. Sonra isə bir neçə dəfə bu cür bildirişlər gəldi. Müəyyən faizlə qəbul aldığım universitetlər də var, amma ABŞ-ın 4 universitetindən 100 faizli təqaüdlə qəbul almışam. Hələlik Amerikaya yola düşməmişəm, lakin həmin universitetlərin nümayəndələri məktəbimizə gəlmiş və bizimlə görüşmüşdülər. Təhsilimi kompüter elmləri üzrə davam etdirəcəyəm. Hesab edirəm ki, təhsil alıb qayıtdıqdan sonra bu sahədə öz ölkəmə daha çox fayda verə bilərəm" - deyə, Ayxan Kazımlı bildirib.

Xatırladaq ki, Ayxan Kazımlı ibtidai sinif təhsilini Bakı şəhər 314 nömrəli tam orta məktəbdə alıb. Daha sonra bir il Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbdə oxuyub. 2020-ci ildə mərkəzləşdirilmiş imtahanla Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyinə daxil olub, 2023-cü ilə qədər həmin məktəbdə təhsil alıb. 2023-cü ildə isə, UWC Chansghu məktəbindən tam təqaüd alıb, Çinə təhsil almağa yollanıb. Həmin liseydə 11-12-ci sinfi IB Diplom Proqramı ilə oxumuş və mayın 24-də UWC Changshu kollecindən məzun olub.

Elxan SALAHOV

Oxşar xəbərlər