28.06.2025, 21:16
AZ EN
12.05.2025, 09:42 270

Bu gün Beynəlxalq Tibb Bacısı Günüdür

XƏBƏRLƏR
  • Tibb bacısı işinin tarixi bu fədakar peşəyə özünü həsr etmiş məşhur adlarla zəngindir. Bunlardan ən tanınmışı Florens Naytingeyldir. F.Naytingeyl tibb bacısı ixtisası və hospitallarda islahatın təşəbbüsçüsü kimi tarixə öz adını yazıb. O öz missiyasını insanlara xidmətdə, onları xəstəliklərdən, ölümdən qurtarmaqda görürdü.

1853-1856-cı illərdə Krım savaşında gecə-gündüz əsgərlərə qayğı göstərdiyinə görə əsgərlər ona Çıraqlı qadın adını vermişdilər. Bütün işçi heyət axşam evlərinə getdiyində, o, əlindəki çıraqla xəstəxananı gəzərək yaralılara nəzarət edirdi. “The Times” qəzetində ona baxıcı mələk adı verilmiş və “bütün xəstəxananın divarlarında onun siluetinin olduğu” yazılmışdı.

Florens, tibb bacılarının tam peşəkar təhsil ala biləcəkləri bir məktəb yaratmağı ən vacib məqsədlərdən biri hesab edirdi. 1860-cı ildə o, Londonda Müqəddəs Tomas Xəstəxanasında Mərhəmət Bacıları üçün Naytingeyl Sınaq Məktəbini açdı. Sonralar onun məktəbinin modelinə uyğun olaraq Avropa və Amerikada məktəblər yaradıldı ki, bu müəssisələrdə tibb bacıları özləri dərs deyirdilər. Bu da tibb bacısı ixtisasının təhsilində mühüm addımlardan biri olmuşdu.

1974-cü ildən etibarən mayın 12-si (Florens Naytingeylin ad günü) hər il Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur. Azərbaycanda da adını səhiyyə, tibb bacısı peşəsi tarixinə qızıl hərflərlə yazmış şəxslər az deyil. İlk azərbaycanlı şəfqət bacısı general Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya olub. O, Birinci dünya müharibəsi başlayanda yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilib. Onun başçılıq etdiyi xəstəxana məşhurlaşaraq “Şıxlinski xəstəxanası” kimi tanınıb. O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinə də rəhbərlik edib. 1920-ci ildə Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilib və Nigar Şıxlinskaya həmin Cəmiyyətin “Şəfqət xidməti”nin təşkilatçısı olub.

Tibb bacılarının həyatımızda əvəzolunmaz rolunu vurğulamaq üçün bu peşə üzrə fədakar fəaliyyət göstərən və xüsusi fərqlənənlər üçün “Florence Nightingale” medalı təsis edilib. Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Cenevrədə keçirilən “Florence Nightingale” medalının təltifetmə mərasimində 18 ölkədən 25 tibb bacısı həmin medala layiq görülüb. Bu medal silahlı münaqişə və ya təbii fəlakət qurbanlarına müstəsna yardım göstərən, insanların sağlamlığı naminə, həmçinin tibb sahəsində qabaqcıl xidmət edən şəfqət bacılarına verilir. Medala layiq görülənlər arasında 2020-ci il Vətən müharibəsinin yeganə şəhid qadını Arəstə Baxışova da var. O, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda vuruşarkən yaralanan əsgərlərə ilk tibbi yardımın göstərilməsində və onların döyüş meydanından təxliyə edilməsində vəzifə borcunu yerinə yetirərkən həlak olub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər