02.05.2025, 00:48
AZ EN
01.05.2025, 17:14 131

Konstitusiyanın dövlətçilikdə roluna həsr olunmuş beynəlxalq konfrans keçirilib

XƏBƏRLƏR
  • Mayın 1-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransdan əvvəl Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

BMTM-in baş məsləhətçisi Mətin Məmmədlinin moderatorluğu ilə keçirilən konfransda çıxış edən Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev konstitusiyanın dövlətin daxili idarəçiliyini müəyyənləşdirən sənəd olmaqla yanaşı, onun beynəlxalq arenada davranışlarını formalaşdıran əsas hüquqi baza yaratdığını bildirib.

Qloballaşan dünyada dövlətlərin suverenliklərinə və daxili işlərinə təzyiqlərin artdığını deyən F.Şəfiyev hüquqi bazanın möhkəmliyinin dövlətin müdafiə mexanizmlərindən biri olaraq çıxış etdiyini diqqətə çatdırıb. Bildirib ki, dünyada baş verən proseslərə uyğun Konstitusiyaya dəyişikliklər edilə bilər. Bu, imkan verir ki, xaricdən gələn çağırışlara cavab verək. Bu çağırışlar hazırda da davam edir. Daxili siyasət və iqtisadiyyatın möhkəmləndirilməsində Konstitusiya və digər qanunvericilik aktları vacib rol oynayır.

BDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov bildirib ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş Konstitusiya dövlət quruculuğunda və vətəndaş cəmiyyətinin formalaşmasında əsaslı dönüş nöqtəsi olub. Onun sözlərinə görə, Konstitusiyamız əldə edilən tarixi nailiyyətlərin hüquqi əsasını təşkil edir. H.Məmmədov Ulu Öndərin Azərbaycanın intellektual potensialının formalaşmasındakı rolundan da ətraflı bəhs edib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxışında vurğulayıb ki, 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlətin qurulması yolunda əhəmiyyətli mərhələ olub və indiyədək bu sənəd ölkəmizdə hüquqi islahatların aparılması, insan hüquq və azadlıqlarının təmin olunması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində bünövrə rolunu oynayıb.

Maliyyə nazirinin birinci müavini Anar Kərimov qeyd edib ki, Konstitusiya hər bir müstəqil dövlətin varlığının hüquqi əsasını təşkil edən sənəddir, o yalnız siyasi və hüquqi sistemin deyil, eyni zamanda, iqtisadi idarəçiliyin də əsaslarını müəyyənləşdirir. Onun sözlərinə görə, Azərbaycan Konstitusiyası dövlətin iqtisadi fəaliyyətinin hüquqi çərçivəsini dəqiq şəkildə təsbit edir və maliyyə sisteminin formalaşdırılmasında mühüm rol oynayır. A.Kərimov, həmçinin son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların məhz Konstitusiyada müəyyən edilmiş məqsədlərə - əhalinin rifahının yüksəldilməsi, iqtisadi sabitliyin qorunması və sosial bərabərliyin təmin olunmasına xidmət etdiyini diqqətə çatdırıb.

Daha sonra Balıkesir Universitetinin rektoru Yücel Oğurlu Türkiyənin bu sahədə təcrübələrini bölüşüb, Konstitusiyanın təkcə hüquqi sənəd deyil, eyni zamanda, xalqın suverenliyinin, dövlətin müstəqilliyinin və milli birliyin təminatı olduğunu diqqətə çatdırıb. Y.Oğurlunun fikrincə, konstitusiyalar yalnız dövlətin daxili idarəçiliyini deyil, onun beynəlxalq münasibətlərdəki mövqeyini də formalaşdırır.

Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov Konstitusiyanın ölkənin hüquqi portreti olduğunu bildirib. Onun sözlərinə görə Konstitusiya həm də beynəlxalq birliyə qoşulan dövlət tərəfindən təqdim edilən bəyannamədir. Konstitusiya beynəlxalq birlikdə dövlətin yerini göstərir, bu sənəd daxili faktorlara və ümumbəşəri dəyərlərə əsaslanmalıdır.

BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev Konstitusiya və İnsan hüquqları mövzusunda geniş təqdimatla çıxış edib. Konstitusiyamızın hazırda bütün ərazimizi əhatə etdiyini deyən Z.Əliyev Azərbaycanda hüquq sahəsində ilk islahatların əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib.

Tədbir daha sonra BDU tələbələrinin və hüquq ictimaiyyətinin nümayəndələrinin fəal iştirakı ilə interaktiv və elmi fikir mübadiləsi formasında davam etdirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk Konstitusiyamız son otuz ildə dövlətimizin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin təmin edilməsi kimi əsas məqsədlərimizin həyata keçirilməsi üçün vacib hüquqi baza rolunu oynayıb. (AZƏRTAC)

Oxşar xəbərlər