Gənclər Fondundan bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor müavini Yusif Vəliyev və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Ələkbərli çıxış edərək bu cür tədbirlərin gənclərin milli tariximizi daha dərindən anlaması və Azərbaycan həqiqətlərini beynəlxalq arenada düzgün şəkildə təbliğ etməsi baxımından çox önəmli olduğunu vurğulayıb, tanınmış fotoqraf Reza Deqatinin Xocalı soyqırımına dair fotoşəkillərinin hadisənin faciəvi reallıqlarını gənclərə vizual olaraq çatdırmaqda mühüm rol oynadığını qeyd ediblər.
Tədbirdə Reza Deqati Xocalı soyqırımından dərhal sonra çəkdiyi nadir fotoları təqdim edərək şahidi olduğu hadisələrdən danışıb. O, həmin ağrılı və acılı günlərin indi də gözünün önündə canlandığını söyləyib. Fotoqraf vurğulayıb ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, ümumiyyətlə, insanlığa qarşı törədilmiş ağır cinayətdir və bu cinayətin tanınması üçün beynəlxalq səviyyədə mübarizə aparmaq vacibdir.
Reza Deqatinin təqdim etdiyi foto və faktlara gənclər böyük maraq göstərib və yekunda öz suallarını məşhur fotoqrafa ünvanlayıblar.
Qeyd edilib ki, keçirilən görüş Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması məqsədi daşıyıb. (AZƏRTAC)