Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Şahmar Qinyaz oğlu Soltanlının doğum günüdür. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid Şahmar Soltanlı 1996-cı il fevralın 20-də Şəkidə anadan olub. Orta təhsilini Şəki şəhəri 5 saylı tam orta məktəbdə alıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Bakı humanitar kollecinə qəbul olunub. Atasının vaxtsız vəfatı və anasının səhhəti ilə bağlı təhsilini yarımçıq qoyaraq çalışaraq pul qazanmağa başlayıb.
2018-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin may ayında hərbi xidmətini şərəflə başa vurub.
2020-ci il sentyabrın 27-dən başlanan 44 günlük Vətən müharibəsində könüllü olaraq ordu sıralarına qoşulub. Tərtər rayonunun Qapanlı və Suqovuşan kəndləri, həmçinin Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edərək şücaətlər göstərib. İgid döyüşçü Qapanlı kəndi uğrunda gedən döyüşlərdə yaralanıb və hospitala aparılıb. 2 gün hospitalda müalicədən sonra həkimlərin səyinə baxmayaraq yenidən döyüşlərə qatılıb. Oktyabrın 17-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimizin mübarək nəşi düz 15 gün neytralda qaldıqdan sonra tapılaraq Şəki Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Şahmar Soltanlı ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD