Cəbrayıl şəhərindən olan ilk 130 ailənin doğma yurda qayıdışından sonra fəaliyyətə başlayan orta məktəbdə təhsil alan şagirdlər və burada çalışan pedaqoji heyətlə bağlı statistik məlumatlar açıqlanıb. Söhbət Cəbrayıl şəhər akademik Mehdi Mehdizadə adına tam orta məktəbdən gedir.
"Vətən səsi" xəbər verir ki, 2024/2025-ci tədris ilində məktəbdə 133 şagird təhsil alacaq. Pedaqoji heyətin sayı isə 23 nəfərdir. Məktəbin direktoru Şəlalə Qasımlı bildirib ki, yenidən qurulmuş tədris ocağında məktəbə hazırlıq qrupu da fəaliyyət göstərir və hazırda orada 16 nəfər təhsil alır. Onun sözlərinə görə, doğma torpaqlarına geri qayıdan şagirdlər ən müasir tələblərə cavab verən təhsil ocağında oxuyacaqlar. Tədris ilinin sonynada qədər burada şagirdlərin sayının 400-ə çatdırılması proqnozlaşdırılır.
"Bu məktəbin təməli Prezident İlham Əliyevin 4 oktyabr 2021-ci ildə Cəbrayıl ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə rayonun işğaldan azad olunmasının ildönümündə qoyulub. Məktəb binası 960 şagird yerlikdir. Burada hər cür avadanlıqlarla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri, geniş idman meydançası tikilib, bu da sağlam nəslin yetişməsi üçün vacib amillərdəndir", - deyə direktor əlavə edib.
Özünün də Cəbrayılın işğalından əvvəl bu məktəbdə təhsil aldığını deyən Şəlalə Qasımlı məzunu azad edildikdən sonra yenidən qurulan doğma təhsil ocağında diirektor işləməkdən məmnundur: "Bu məktəb əvvəllər olduğu yerdə inşa edilib. Sevincimin hədd-hüdudu yoxdur. Zamanında şagird kimi çıxdığım məktəbə direktor olaraq qayıtdım. Sözlər ilə ifadə edə bilmirəm".
Xatırladaq ki, ümumi ərazisi 2,7 hektar olan Cəbrayıl şəhər akademik Mehdi Mehdizadə adına orta məktəbin açılış mərasimi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə oktyabrın 3-də keçirilib. Bu gün isəməktəbdə ilk dərs günü qeyd olunub.
Elxan SALAHOV