YUNESKO - nun Baş direktoru Odre Azule Baş Assambleyanın qərarını alqışlayaraq bildirib ki, məktəblər münaqişələrdən və zorakılıqdan azad olan təhlükəsiz yerlərdə qalmalıdırlar: "Bizim ümumi gələcəyimiz, həmçinin inkişaf sahəsində bütün məqsədlərə nail olmağımız bundan asılıdır. Silahlı münaqişələr zamanı bütün səviyyələrdə təhsil müəssisələrinə hücumların baş verməsi ilə əlaqədar BMT tərəfindən Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Gününün elan edilməsi irəliyə doğru atılmış mühüm addımdır: biz bu təşəbbüsə və bu qətnaməni dəstəkləyən bütün üzv dövlətlərə təşəkkür edirik.
Baş Assambleyanın qətnaməsi hökumətlərin təhsilin bütün səviyyələrində olan, xüsusilə də həssas qruplara aid bütün şagirdlər üçün inklüziv, ədalətli, keyfiyyətli təhsilin qorunması və təmin edilməsi üçün əsas məsuliyyət daşıdığını təsdiq edir. Qətnamədə, həmçinin məktəb, şagird və müəllimlərin hücumlardan qorunması, uşaqların təhsil almaq imkanlarına mane olan halların aradan qaldırılması, silahlı münaqişə vəziyyətlərində təhsilə çıxışın asanlaşdırılması üçün bütün mümkün tədbirlərin görülməsi, məktəblərdə təhlükəsiz şəraitin yaradılması məqsədilə səylərin gücləndirilməsi və bu istiqamətlərdə maliyyələşmənin həcminin artırılmasının vacibliyi qeyd olunur.
Hazırladı: Mina RƏŞİD