Müzəffər Miralayın "Mən könlümü Haqqa verdim " kitabındakı şeirlərlə bağlı qısa xülasə
El dərdini oğul çəkər,
Qarşısında düşmən çökər.
Yer şumlayıb, toxum səpər,
Bağı dolana-dolana!
Tutduğu vəzifədən, daşıdığı rütbədən, oturduğu kreslodan asılı olmayaraq, hər zaman başının üstündə Allahını görən, ona əl açan, sevincini-qəmini bir-bir onunla bölən insanlar var. Onlar haqq yolunda olan vicdanlı adamlardı. Belə dəyərli insanlardan biri də Müzəffər Məhəmməd oğlu Süleymanovdu.( Müzəffər Miralay) O, yüksək və şərəfli peşə sahibi, məsul şəxsdir. Sözün əsl mənasında şəxsiyyətdir desəm, daha doğru olar. Ən çətin iş rejimindən asılı olmayaraq, hər kəsə diqqət göstərən, qayğısını çəkən, evində xanımına halal nemətlərdən süfrə açdıran Kəmənd qürurlu, İncədərəmizin səxavətli oğludur.
Müzəffər yoldaşı Fatma xanımla cəmiyyətimizə üç ləyaqətli oğul böyüdüb bəxş edib. O, eyni zamanda həssas qəlbli duyğu, ruh adamıdır. Onun özünəməxsus poetik dünyası var. Bu rəngli dünyanın çalarları hər yandan görünür və oxucuda xoş ovqat yaradır. Onun evində milli dəyərlərimizi əks etdirən Dədəm Qorqud yadigarı qara sazımız da xüsusi yer tutur. Bu saz sahibinin sinəsində çox bəxtəvər görünür və bilir ki, etibarlı əldə, etibarlı yerdədir.
MƏNİM ETİBARLI, AY QARA SAZIM
Varlığın hər şeydən üstündür mənə,
Bizi duya bilməz hər ağzı göyçək.
Çoxuna ev aldım, sənə də köynək,
Mənim etibarlı, ay qara sazım.
Elə qayğı çəkdik,biz olmadıq yük,
Həyatı dərk edən qoşa cütlüyük.
İkimiz bir yerdə daha güclüyük,
Mənim etibarlı, ay qara sazım.
Müzəffər Miralay milli təəssübkeşdir, o, insan talelərindən yazır, onları sıxan səbəblərdən özü də sıxılır və öz-özünə suallar verir. Böyük ürəkli şəxsiyyət "Mən könlümü Haqqa verdim" kitabında bu incəlikləri poetik dildə bir-birindən gözəl dərin məzmunlu şeirlərində təəssüb və yanğı ilə tərənnüm edib.
KAŞ BİLƏYDİM SIXAN NƏDİR QƏLBİNİ
Heç kəsin taleyi düşməsin çənə,
Uğursuz talelər əzabdır mənə.
Müzəffər biganə qalammaz sənə,
Kaş biləydim sıxan nədir qəlbini?!
Müəllif dostluğa yüksək dəyər verən, bu ülvi bağları qoruyub saxlayan etibarlılıq nümunəsidir. Həqiqi dostun varsa, arxan dayağın var.
Dostluq əlaqəmiz itməsin deyə şeirində
Hər kəs uya torpağına,daşına,
Hər bir işi uyğun ola yaşına.
Müzəffər dostları yığır başına,
Dostluq əlaqəmiz itməsin deyə.
Müəllif hərdən ötən günlərə dönür- atalı, analı günlərə, ömrün lalə, nərgiz,bənövşə çağına.
ÖTDÜ
Yaşımın bu çağı lap darıxmışam,
O dağlarda keçən günlərdən ötrü.
Şəhərlərdə alovlanıb yanmışam,
O dağlarda keçən günlərdən ötrü.
Müzəffər sözün əsl mənasında Vətənin vətənpərvər vətəndaşıdır.Vaxtilə işğal altında olan torpaqlarımızın taleyi onu da bir Vətən oğlu kimi çox sıxırdı.Allaha çox şükürlər olsun ki, artıq bu dünən idi. İnşallah, torpaqlarımızın zəfər taleyi bir qədər uzaq tarixdə işğal olunan Qılınckəndimizdə də öz zəfərini çalacaq, azadlığına qovuşacaq.
Yer-göy, hava, su, Vətən, torpaq sevgisi qədər bir tükənməz, doyulmaz sevgi də var - Ana sevgisi. Bu ilahi sevgi canından can, qanından qan verən ananın müqəddəsliyidir.
ANAMI ALLAH QORUSUN
Odur dünyamın sabahı,
Övladların ömür şahı.
Müzəffərin qibləgahı,
Anamı Allah qorusun.
Müəllif xoşbəxtliyi varda-dövlətdə deyil Vətəninə,Torpağına,onun dəyərli insanlarına vurğunluqda, düzlükdə, mərdlikdə, kimlərəsə əl tutmaqda, haqq-ədalət yoluna xidmət etməkdə görür.
Müzəffər ata ocağına el-obasına bağlı bir insandır. Zaman və məkan harada olmasından asılı olmayaraq, onu bu doğmalıqdan ayıra bilməz.
Yurdların ən qədimisən,
Doğma yurdum, mərd Kəmərli!
Düşmənlərin qənimisən,
Doğma yurdum, mərd Kəmərli!
“Doğma yurdum, mərd Kəmərli” şeirində
Səni salsalar da oda,
Getməyəcək yurdlar yada.
Tayın yoxdur bu dünyada,
Doğma yurdum, mərd Kəmərli!
Yurd insanı çəkir,- deyirlər, çünki orada göbəyinlə qoşa kəsilən bir YADDAŞ var. O yaddaş səni zaman-zaman doğma yerlərə çəkir ( doğmaların bəzisi getsə də)
İNCƏ-İNCƏ
Gəldim bahar çağı İncə dərəmə,
Baxıram İncəyə, çox incə-incə!
Sazıyla-sözüylə, ərənləriylə,
Tayı-bərabəri yox, incə-incə.
Baharın nəfəsi ələnir lay-lay,
Qəribdəki dağlar salırlar haray!
İncə dərəsinə vurğun Miralay,
İldırım tək gurla, çax, incə-incə!
El canlı, el təəssüblü müəllifin ömür-gün bioqrafiyasında, düşüncə tərzində dünyada günahsız insanlara qarşı edilən zülmə, istismara, haqsızlığa qarşı hər zaman onu narahat edən bir sual var- niyə axı, niyə?!.
İnsanlar insana nədən zülm edir?
Dünyada nə qədər qırğınlar gedir.
Müzəffər bunlari çox gözəl bilir,
Çox heyif hamıda niyyət “gül” deyil.
Doxsan doqquz adından biri də Salam olanın adı ilə hər kəslə hal-əhval tutan, qarşısındakını sevindirməyi özünə bir insanlıq 'borcu ' bilən şair:
Müzəffər, yol göstər qanmaz insana,
Qoy əhlət daşına başı dəyməsin - deyir.
Əslində müəllifin poetik sözün hökmünə sığınmaqda da məqsədi budur. Sözün qüdrəti danılmazdı. Müəllif "Xoş söz deyin insanlara" deyərək sanki haray çəkir. Bir müsəlman ümməti kimi peyğəmbərimizin (s.ə) bizlər üçün qoyduğu yolu davam etdirir - üzünüzdə təbəssüm, dilinizdə xoş söz olsun, insanlar!
Ey sözlərlə qəlb qıranlar,
Xoş söz deyin insanlara.
Ara vurub, ev yıxanlar,
Xoş söz deyin insanlara.
Insanlığın taxt-tacı var,
Hər bir dərdin əlacı var.
Hamının ehtiyacı var,
Xoş söz deyin insanlara.
Bəzən şair İlahi ilə dialoqa girir.O zaman sakitləşir, durulanır. Bu dünyanın əriş-arğac yollarında, keçilməz çəhlimlərində o qədər düyünlər, xəbisliklər, haqsızlıqlar var ki...
İLAHİ
Mat qalmışam bu dünyanin işinə,
Insanlıq yox olub gedir, İlahi!
Üz tutub dərdini deyəsən kimə?
Bu fikir qəlbimi didir, İlahi!
Müzəffər, qədrini bil el-obanın,
Ilhamını öz elindən alanın.
Qəlbi təmiz, ürəyi pak olanın
Qəlbə görə paynı yetir, İlahi!
Nadanlar heç nədən qırğın yaradıb,
Qırğınlar ah-vayı göyə ucaldıb.
Bu işlər həyatda məni qocaldıb,
Müzəffəri ərşə çağır, İlahi!
Müzəffərin şeirlərində Vətən, Torpaq həsrəti ilə yanaşı yüksək əhval-ruhiyyə, sabahlara inamlı, aydın baxış və nikbinlik var. Bu vüqar, bu əzəmət ona Ulu yaradanından və tarixlər yola salmış İncə dərəmizdən gəlir. Onun getdiyi yol Haqqın yoludur.
Həyat Tanrının nurudur,
Haqqın yolu çox uludur.
Müzəffər Haqqın quludur,
Getdiyim Haqqın yoludur!
Qazağımızı canı qədər sevən şair Ata ocağı, Ana yurdu ilə fəxr edir. Dünyaya dahilər bəxş edən bu diyarın bir oğlu da insanlıq nümunəsi, saz-söz adamı, polis polkovniki Müzəffər Süleymanovdu!
Yaxından tanıyın bu gözəl yurdu,
Düşmənin önündə mərdanə durdu.
Bütün dövrlərdə möhrünü vurdu,
Hünər dastanı var məndə Qazağın!
Ümman arzuları, xoş səhəri var,
Bu mahalın hələ gör, nələri var..
Vüqarlı, qeyrətli ərənləri var,
Müzəffər oğluyam mən də Qazağın!
Müəllif böyük -kiçik yeri bilən, hikmətli babaların, müdrik dədələrin, zirvə ataların hər zaman ədəb-ərkanını gözləyən və davam etdirən fəxr ediləsi Vətən oğludur. Onun öz xeyirxah əməlləri həyat yollarında işıqdır, nurdur.Müzəffər ana dilimizin hikmət xəzinəsini, leksikasını çox gözəl mənimsəyib. Onun üslubu sadə və rəvan,poetikası ürək açandı. Onda hər zaman bütöv varlığı ilə özünə möhtəşəm bir qayıdış var, bu yol, bu qayıdış həm də əqidə adamlarının yoludur. Müzəffərin yaradıcılığını vərəqlədiyim bütün məqamlarda bunu duydum və hiss etdim.Yolların uğurlu olsun-ƏQİDƏ adamı!
Fəridə LƏMAN
Filologiya üzrə fəlsəfə doktoru