27.06.2025, 22:36
AZ EN
13.06.2024, 11:19 461

Bu gün Şəhid Elnur Əsədullayevin doğum günüdür

XƏBƏRLƏR
  • Elnurun idmana böyük həvəsi var idi, güləş üzrə dəfələrlə medal qazanmışdı. O, yaxın-uzaq hər yerdə adamlarla yaxşı münasibət qurmağı bacarırdı. Ona görə də onun xətrini çox istəyirdilər. Yaxın qohumlarından şəhid olanlar vardı. Elnur həmişə deyirdi ki, onların qisasını alacam. Gizir Elnur Əsədullayev hərbçi oldu, Vətən müharibəsində tank komandiri kimi düşməndən bütün şəhidlərimizin qisasını aldı və özü də bu yolda canını fəda elədi…

Bu gün qəhrəman şəhidimiz, gizir Elnur İmran oğlu Əsədullayevin doğum günüdür. O, 1998-ci il iyunun 13-də Lerik şəhərində anadan olub. 2005-2016-cı illərdə V. Müslümov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Uşaqlıqdan idmana böyük həvəsi olan Elnur 7-8-ci siniflərdə sərbəst güləşdə yeniyetmələr üzrə turnirlərdə iştirak edərək müxtəlif təltiflərə, o cümlədən medallara layiq görülüb. Elnurun əmisi və bibisi oğlu Lerik rayonunun ilk şəhidlərindən idi. O vətənpərvər ruhda böyüyüb. Elnur Əsədullayev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə gizir kimi müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq Vətənə xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik giziri olan Elnur Əsədullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşaraq şücaətlər göstərib.

Elnur Əsədullayev oktyabrın 14-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidətə ucalıb. Şəhidimiz doğma Lerik şəhərində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elnur Əsədullayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə”, "İgidliyə görə", “Xocavəndin azad edilməsinə görə” medalları və "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Elnur balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər